Cəmiyyət 17 Aprel 2024, 15:22 | Baxış sayı: 198
“Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının siyasi əhəmiyyəti var”

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov açıqlamasında deyib ki, birgə universitetin yaradılmasının əhəmiyyəti böyükdür:

“Bu gün Azərbaycan-Türkiyə əlaqələri sürətlə inkişaf edir. Türkiyə bütün platformalarda Azərbaycana siyasi dəstəyini ifadə edir. Qarabağ zəfərində də Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi böyük rol oynadı. Əlaqələrin daha da möhkəmləndirilməsi strateji müttəfiqlik baxımından önəm daşıyır. Bu baxımdan universitetin yaradılması siyasi əhəmiyyət daşıyır. 

Bildiyimiz kimi, Türkiyə təhsili kifayət qədər inkişaf edib. Universitetləri dünya reytinqində ön sıralarda yer alır. Qardaş ölkənin təhsil modelinin Azərbaycanda tətbiqi üçün birgə universitetin yaradılması mühüm addımdır. Bu, təhsilimizin inkişafına da töhfə verəcək. Bu gün Türkiyədə 20 mindən artıq azərbaycanlı təhsil alır. Türkiyə-Azərbaycan Universiteti həmin tələbələrin bir hissəsinin elə Azərbaycanda təhsilini davam etdirməsinə səbəb ola bilər”.

demokrat.az

Xəbərlər