Plenar iclaslar, Qanun Layihələri 27 Dekabr 2021, 15:16 | Baxış sayı: 498
“Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na internet informasiya ehtiyatlarının müvafiq hissəsi (bir və ya bir neçə veb səhifəsini) də daxil ediləcək.

“Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na internet informasiya ehtiyatlarının müvafiq hissəsi (bir və ya bir neçə veb səhifəsini) də daxil ediləcək.
APA-nın məlumatına görə, bu, Mili Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, siyahının adı dəyişərək “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı” olacaq. Bununla əlaqədar qanunun 13-3.8-ci maddəsinə də dəyişiklik təklif olunur. Qüvvədə olan qanuna əsasən, İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Layihəyə əsasən, İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini təmin etmədikdə və informasiyanın İnternet informasiya ehtiyatında və ya onun müvafiq hissəsində (bir və ya bir neçə veb səhifəsində) yayılmasının qanunla qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini (bir və ya bir neçə veb səhifəsini) şəxsin müraciəti əsasında “Yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı”na daxil edəcək.
Hazırda internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir. Layihəyə əsasən, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının və ya onun müvafiq hissəsinin (bir və ya bir neçə veb səhifəsinin) Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə (bir və ya bir neçə veb səhifəsinə) müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərlər