"Mədəni irsimizin terrora məruz qalmasına qlobal miqyasda lazımi diqqət göstərilmir"
Azərbaycan mədəni irsinin terrora məruz qalmasına hələ də qlobal miqyasda lazımi diqqət göstərilmir. Əksinə, bu terrorun bir başa subyekti olan Ermənistan həm aidiyyatı ixtisaslaşdırılmış təsisatlar, həm bir qrup Qərb subyekti tərəfindən yeni cinayətlərə təhrik edilir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, mədəni irsin münaqişələr zamanı qorunması ilə bağlı məsələlər xüsusi beynəlxalq sazişlə, 1954-cü il Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Beynəlxalq Haaqa Konvensiyası ilə tənzimlənir: “Cari layihə ilə məhz bu konvensiyanın II protokolunun milli qanunvericiliyə daxil olunmasına nail olmaqla Azərbaycan bir daha beynəlxalq hüquqa sədaqətini ifadə edir və bu həm də hazırda dünyada davam edən münaqişələr fonunda bəşər irsinin, bəşərin mədəni irsinin qorunması istiqamətində verdiyi mühüm bir töhfədir və ciddi iradə nümayişidir. Konvensiyanın ilk maddəsinə əsasən, xalqın mədəni irsində xüsusi rolu olan, əhəmiyyəti olan bütün daşınar və daşınmaz mülkiyyət, həmçinin onların yerləşdiyi mərkəzlər, eləcə də daşınar mülkiyyətin saxlandığı binalar, məsələn muzeylər, kitabxanalar, bunlar mədəni mülkiyyət nümunələri hesab olunur və qorunmalıdır. Amma bütün dünyanın gözü qarşısında, beynəlxalq humanitar hüquq qaydalarına zidd olaraq istər Birinci Qarabağ, istər İkinci Qarabağ münaqişəsi dövründə Şərqi Zəngəzurda və Qarabağda çoxsaylı mədəni irs nümunələri vandalizm aktına məruz qalıb, bir çoxu işğal dövründə qəsdən tamamilə dağıdılıb. Eyni zamanda bu gün Azərbaycanın başladığı quruculuq-bərpa prosesi, bilirsiniz ki, mədəni nümunələrimizi də əhatə edir, amma həmin ərazilərin minalanması həm bərpa prosesinə mane olur, həm də mina partlayışları tarixi abidələrin çox ciddi zərər görməsi, bir çox hallarda dağıdılması ilə nəticələnir. Bir müddət öncə Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşündə Azərbaycanın təşəbbüsü ilə minaların mədəni irsə təsiri mövzusunda qətnamə də qəbul edilmişdi”.
APA