Cəmiyyət 1 Avqust 2022, 13:33 | Baxış sayı: 161
"Yaylaq Festivalında jurnalistlərə verilən zülm utancvericidir, ölkənin imicinə zərbə vururlar".

“II Milli Yaylaq Festivalında baş verənlər həqiqətən düşündürücüdür. Bu cür mötəbər tədbirlər bir-iki dəfə belə urvatsız şəkildə keçiriləndə sonradan turistləri də cəlb etmək mümkün olmur, nəticələrini isə ölkə iqtisadiyyatı çəkir. Ən azı elementar səviyyədə müəyyən problemlərin həlli mümkün idi. Xüsusilə jurnalistlərə qarşı o cür addımın atılması həm siyasi, həm də peşəkarlıq baxımından nə qədər qabiliyyətsiz bir idarəetmənin olduğunun göstəricisidir. Çünki bu kimi sahələr qeyri-peşəkarların əlində olduğuna görə hər hansı bir şəkildə irəliləyiş əldə etmək, yaxud müsbət nəticələr gözləmək mümkün deyil. Yaylaq Festivalı keçirilir və bu, Azərbaycanın çox ciddi mədəniyyət, turizm potensialını ortaya qoymaq üçün vacib tədbirdir. Lakin təsəvvür edin, bu tədbirə Milli Məclisin Mədəniyyət Komitəsinin üzvləri dəvət olunmayıblar. Şəxsən mənim bununla bağlı heç bir məlumatım yoxdur, müzakirələrə belə dəvət almamışıq. Bu nə deməkdir? O deməkdir ki, dar bir çevrədə qeyri-şəffaf şəkildə hazırlıq prosesi keçirilib və təcrübə baxımından heç kimin məsləhətinə ehtiyac olmayıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, Komitənin bu kimi tədbirlərdə iştirakı onun təbliğinə, gələcəkdə bu məsələlərlə bağlı qanunvericilikdə köməklik göstərilməsi baxımından yalnız fayda verə bilərdi: “Amma bunu görmədik. Bu, o deməkdir ki, belə bir nəticə də nəzərdə tutulmayıb. Daha çox qapalı formada bu işi gerçəkləşdirmək düşünülüb. Jurnalistlərə verilən zülm isə həqiqətən utancvericidir. Sən jurnalisti aparmısan ki, səni təbliğ etsin, orda gördüklərini yazsın. Amma jurnalist artıq öz başına gələnləri yazmaqla məşğul oldu. Bunun özü də nə qədər sistemsiz yanaşmanın göstəricisidir. O ərazidə yağış ehtimalını həmişə nəzərə almalısan. Həmin gün bu, xüsusilə nəzərə alınmalı, hazırlıqlar görülməli idi. Təəssüf ki, bu istiqamətdə də addımlar atılmayıb. Yol və digər məsələlər elə seçilməli idi ki, hər hansı tıxaca imkan verilməsin. Çox üzücü məsələdir. Bu cür yarıtmaz fəaliyyətlərlə əslində ölkənin imicinə zərbə vururlar. Amma nə edəsən? Bir çoxlarının işi elə ancaq vəzifəni qamarlamaqdır. “Vəzifənin məsuliyyətini bölüşmək” deyə bir anlayışa sahib deyillər. Sonda zərbə ölkənin imicinə dəyir”.

 

Deputat təşkilatçılıqla bağlı tender kimə verilibsə, onun əli ilə yeyintiyə yol verilməsi barədə səslənən iddialara da münasibət bildirib: “Belə tədbirlərə dövlət büdcəsindən ciddi vəsait ayrılır. Bu vəsaitin doğru istiqamətdə xərclənməsi olduqca vacibdir. Adətən bizdə tenderlər öz yaxın adamlarına verilir və buna yeyinti mənbəyi kimi yanaşılır. Yəqin ki, bu məsələdə də müəyyən tendensiyalar olub...”

Xəbərlər