Siyasət 15 İyun 2023, 18:05 | Baxış sayı: 163
"Yaxın vaxtlarda Azərbaycan manatı bütün Qarabağda işləyəcək"

“Qarabağ Azərbaycan ərazisidir” deyən Ermənistan hakimiyyətinin mövqeyi bəlli deyil. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan baş nazirinin sözü ilə əməli üst-üstə düşmür. Hələ də Qarabağdan ümidini üzməyən Ermənistan rəhbərliyinin son addımları belə deməyə əsas verir. Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinə dəstək verən düşmən ölkəni guya Qarabağ ermənilərinin təhlükəsizliyi daha çox maraqlındırır.

Əslində isə məsələyə “bəlkə də qaytardılar” prizmasında yanaşan Paşinyan hakimiyyətinin Qarabağ ermənilərinə dəstək verməsinin arxasında məkrli planlar dayanır. Bu gün Ermənistan parlamentində büdcə müzakirələri zamanı Qarabağa ayrılan vəsaitdən də danışılıb. Ermənistan Mərkəzi Bankının sədri Martın Qalstyan deputatların suallarını cavablandırarkən: “Qarabağda maliyyə ilə bağlı hər hansı problem yoxdur. Hər hansı çətinlik yaranarsa, mümkün qədər tez cavab veririk” – deyib.

Deməli, rəsmi Ermənistan Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə davam edir. Suveren ölkənin ərazisində yaşayan etnik azlığa maliyyə ayırmaq beynəlxalq hüquqla yolverilməzdir. Ermənistan 30 il Qarabağı öz ərazisi kimi idarə etdiyindən hələ də köhnə havanı çalmaqdadır. Amma bölgədə yaranan geosiyasi dəyişikliyi unudurlar. Bununla belə, onlar öz əməllərinə son qoymalı və Qarabağda yaşayan etnik ermənilərin Azərbaycan vətəndaşları olmasını qəbul etməlidir.

Məsələ ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu  sualları cavablandırıb:

“Bu, yeni hadisə deyil. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə hökumətinin fəaliyyət istiqamətlərindən, priotetlərindən biri kimi qondarma rejimi ayrıca subyekt kimi danışıqlara cəlb etməyə çalışırdı. Paşinyan hökumətinin 5 illik fəaliyyət planında ayrıca olaraq separatçı rejimə hərtərəfli maliyyə dəstəyinin göstərilməsi də öz əksini tapmışdı. Paşinyanın sələfləri də məsələyə bu prizmadan yanaşırdılar. Bu açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə müdaxilədir və Paşinyanın riyakarlığının göstəricisidir. Bir tərəfdən Paşinyan deyir ki, Qarabağ Azərbaycan ərazisidir və orada yaşayan ermənilərlə Azərbaycan özü dialoq qurmalıdır, digər tərəfdən Azərbaycanın ərazisi kimi tanıdığı Qarabağa dəstək verildiyini etiraf edir. Hesab edirəm ki, bu məqamdan istifadə edərək Ermənistanın riyakarlığını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır. Ermənistanın bu addımı beynəlxalq hüququn normalarını ciddi şəkildə pozur. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyan məqamdır.

Azərbaycan manatının Qarabağ ərazisində işləməsinə gəlincə, deməliyəm ki, bu, o qədər də uzaqda deyil. Azərbaycan suverenliyinin təmin olunması istiqamətində çox ciddi addımlar atmaqdadır. Laçın yolunda nəzarət buraxılış məntəqəsini qurmaqla Ermənistana da, onların havadarlarına da nümayiş etdirdik ki, çox yaxın vaxtlarda ərazimizdə ermənilər Azərbaycanın vətəndaşları statusunda qala biləcəklər. Əks təqdirdə Cənab Prezidentin də qeyd etdiyi kimi, onlar özlərinə başqa yaşayış yeri seçməlidirlər. Təbii ki, çox qısa zamanda nəinki Azərbaycan manatı, ümumiyyətlə, ölkəmizin ərazisində tətbiq olunan hər bir qanun Qarabağda da işləyəcək”.

Mənbə: konkret.az

Xəbərlər