Siyasət 26 Fevral 2024, 17:53 | Baxış sayı: 90
"Hazırda xalqları milli kimlikdən uzaqlaşdırmaq meyilləri var"

Hazırda dünyada xalqları milli kimlikdən uzaqlaşdırmaq meyilləri hiss olunur. Buna imkan verməməli, öz deyərlər sistemimizi qorumalıyıq.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “Yeni tarixi mərhələ - yeni milli ideologiya” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

O söyləyib ki, Azərbaycan xalqı olduqca mühüm tarixi mərhələni başa vurub.

Deputat bildirib ki, Azərbaycanın prioriteti torpaqlarını işğaldan azad etmək idi: “Bunun üçün bütün resursları səfərbər etdik. Xalqla iqtidar həmrəylik göstərdi”.

E.Mirbəşiroğlunun sözlərinə görə, yeni tarixi mərhələ cəmiyyət üçün mühüm rol oynayır: "Azərbaycan xalqının həmrəyliyini təmin edəcək milli ideyanın yaranmasına, o ideyaya uyğun fəaliyyət planlarının həyata keçirilməsinə ehtiyac var".

Deputat Bəhruz Məhərrəmov isə deyib ki, Ulu Öndər Heydər Əliyev kursu təkcə siyasi kurs deyil, həm də azərbaycançılıq məfkurəsidir: “Bu məfkurə hər kəs üçün yol xəritəsi olmalıdır”.

B.Məhərrəmov azad fikrin milli ideologiyanın qorunmasında mühüm rol oynadığına diqqət çəkib: “Bizim milli ideologiyamız milli kimliyimizi formalaşdıran, qoruyan amillərdəndir”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov isə bildirib ki, Azərbaycan ideya brendi yaratmalıdır. Onun fikrincə, əsas məsələlərdən biri milli tarixin unudulmamasıdır: “Kənar güclərin təsirinə düşmək olmaz. Fərqli, bizə yad ideologiyaların milli kimliyimizə müdaxiləsinin qarşısını almaq lazımdır. Bunun üçün ailədən başlamaq lazımdır. Çünki ailədə lazımi səviyyədə yetişməyən övlad cəmiyyətə xeyir verə bilməz”.

Ekspert xatırladıb ki, böyük dövlətlər ideologiyalar üzərində dayanır: “Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər bizim üçün tezis olmalıdır. Həmin fikirlər yol xəritəsi rolunu oynamalıdır”.

Media eksperti Müşfiq Ələsgərli milli ideologiya ilə bağlı vikipediya səhifəsi yaradılmasını təklif edib: “Çünki internetdə milli ideologiya ilə bağlı fərqli mənbələr, məlumatlar var. Bu, çaşqınlıq yarada bilər. Onu da nəzərə almaq lazımdır ki, hər kəsin tədqiqat aparmağa imkanı, həvəsi yoxdur”.

report.az

Xəbərlər