Ümumi 6 Fevral 2023, 13:17 | Baxış sayı: 156
"Yardım fondu yaradılsın"

“Türkiyənin faciəsi bizim də faciəmizdir. Xeyli sayda dünyasını dəyişənlər və yaralılar var, vətəndaşların əmlakına böyük bir zərər dəyib, evlərini itirən çox sayda insanlar var. Bu hamımız üçün üzücü bir hadisədir”.

Bu sözləri millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, ilk dövlət olaraq Azərbaycanın Türkiyənin yardımına getməsi, onun yanında olması Azərbaycan adına qürurvericidir

“Bizim üçün qürurvericidir ki, bütün Türkiyənin xəbər məkanında xüsusilə vurğulandı ki, yardıma ilk qaçan qardaş Azərbaycan ekibi oldu, çünki bizim bir-birimizə bir vəfa borcumuz var həmişə bu borcu anında yerinə yetirmək olduqca vacibdir, zəruridir.

Çox üzüldük ki, İran rejimi Xoyda baş verən zəlzələyə maraq göstərmədi, Azərbaycanın, Türkiyənin köməyindən də imtina etdi. Bu, insanlıq baxımından doğru deyil. Türkiyədə isə hər ən dağıntının altından çıxarılan bir insana insanların necə böyük sevinc yaşadığını görürük, bu o deməkdir ki, bir insanın həyatını nə qədər dəyərli hesab olunur. Müasir, normal zəka ilə idarə olunan ölkələrdə bu cür yanaşma olur. Amma İranda insanların taleyinə heç əhəmiyyət vermədilər, əksinə ört-basdır etdilər və heç kimdən kömək istəmədilər.

Türkiyə böyük dövlətdir, dəfələrlə bu cür faciələr yaşayıb, acılar yaşayıb. Ümid edirəm ki, bu sınağın altından da çıxacaq.

İndiki məqamda gücümüz sadəcə keçmiş olsun deməyə çatır. Çox istərdim ki, dövlətin nəzarəti ilə mötəbər bir qurum, bu Türkiyə səfirliyinin təşəbbüslüyü ilə də ola bilər, hansı bir formada yardım imkanı yaratsın, hesab açılsın, Azərbaycan vətəndaşları da öz yarımlarını, maddi dəstəklərini göstərə bilsinlər. Çünki bilirik ki, qışın bu çağında nə qədər insan soyuqdan əzab çəkəcək.

Məlum olduğu kimi Azəbaycandan 370 nəfərlik arama-qurtarma dəstəsi artıq bölgəyə göndərilib. Əlbəttə ki, bunun ardı da olacaq və bu bizim üçün vacibdir olduqca. Onların oradakı fəaliyyətinin bizdə mütləq işıqlandırılması lazımdır. Hər kəs gördün ki, Azərbaycan qardaş Türkiyənin həm yaxşı, həm də ağır günlərində onunla birgədir və bunun özünə bir vəfa borcu bilir.

Bütövlükdə dünyasını dəyişənlərə Allah rəhmət etsin, yaraılılara şəfa versin deyirəm. Ümid edirəm ki, Yaxın zamanlarda Türkiyəmiz bu faciənin nəticələrini ortadan qaldıracaq, yaralarını yaralarını sarıyacaq”.

Xəbərlər