Siyasət 2 Mart 2023, 19:53 | Baxış sayı: 205
“YAP-ın üzvlərinin sayının süni şəkildə artırılmasına qəti ehtiyacı yoxdur, hər bir nəfər konkret yoxlanılır, say dəqiqdir”

“Bilirik ki, Yeni Azərbaycan Partiyası Qafqazın ən böyük siyasi partiyasıdır. Ümummilli liderimiz tərəfindən qurulan bu partiya Heydər Əliyevin adı, onun ideyaları, Azərbaycanın gələcəyinə baxışı ilə bağlıdır. YAP-ın üzvlərinin əksəriyyəti həmin ideyanın daşıyıcılarıdır. Uzun müddət tarixdə YAP-a qarşı bu və ya digər formada hansısa fikirlər söylənilib, çamurlar atılmağa çalışılıb, amma əksinə, Yeni Azərbaycan Partiyası ölkə Prezidentimiz, Partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib, inkişaf edib, üzvlərinin sayı artıb. Son illərdə YAP-a axın çoxalıb. Faiz nisbəti ilə əsasən gənclər üstünlük təşkil edir. Əlbəttə, 700 mindən yuxarı insanı öz ətrafına toplayan qurumda hansısa şəxsi marağı, digər təsirlər altında olan insanların da üzv olması mümkündür. Amma bunların hamısı Partiyanın bugünkü çevik idarəetməsi fonunda artıq tarixdə qalmış məsələlərdir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

V.İskəndərovun sözlərinə görə, YAP-ın son qurultayından sonra cənab İlham Əliyevin xüsusi tapşırıqları və Partiyanın Mərkəzi Aparatının yeni yanaşması deməyə əsas verir ki, YAP-a daha yeni canlanma gəlib: “Partiyanın regionlarda, şəhər və rayonlardakı sədrlik institutunda dəyişikliklər baş verir. YAP daha da inkişaf edir, böyüyür. Kimlərinsə səsləndirdiyi əks fikirlər bu inkişafa qətiyyən kölgə sala bilməz. Əksinə, YAP zamanın tələbi ilə yaradılmış siyasi platforma kimi yalnız inkişaf edəcək, böyüyüəcək və ölkəmizin hərtərəfli inkişafı üçün töhfəsini verəcək. Partiyanın üzvlərinin sayının süni şəkildə artırılmasına qəti ehtiyacı yoxdur. Mərkəzi Aparatın tapşırığı ilə YAP-da həm Bakıda, həm respublikanın digər ərazilərində bütün üzvlərin sayı ilə bağlı konkret yoxlamalar aparılır. Hər bir nəfər konkret yoxlanılır. Bu, hazırda YAP qarşısında ciddi məsələdir. Deyilən üzvlərin sayı dəqiqdir”

Xəbərlər