"Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan ölkələrarası münasibətlərə xələl gətirmədən çıxarılması böyük uğurdur"
“Dünyada baş verən siyasi, hərbi, sosial, iqtisadi katakalizmlər fonunda ölkəmiz bir sabitlik adasına bənzəyir. Təbii ki, bu, cənab Prezidentin siyasi qrosmeyster olmasının, uzaqgörənliyinin və preventiv tədbirlər görməsinin, dünya siyasətini incəliklə bilməsinin, qətiyyətinin, əsasən də xalqla iqtidarın yumruq halında bir hədəfə vurmasının nəticəsi kimi qiymətləndirilməlidir. 44 günlük Vətən müharibəsindəki qələbəmiz, bir günlük anti-terror tədbirlərinin həyata keçirilməsi, suverenliyimizin 100% bərpası dostlarımızı sevindirsə də, bizi istəməyən bədxahlar, dövlətlər, qüvvələr bundan çox narahatdırlar. Hələ də üstümüzə gəlməyə çalışırlar. Təhdidlər var. Həm ölkəmizdə, həm də bölgədə xoş olmayan hadisələrin cərəyan etməsi üçün əllərindən gələni “əsirgəməməyə” çalışırlar. Bir çox qüvvələrin, dövlətlərin maskası artıq cırılıb. Proseslərin fonunda, təəssüf ki, daxilimizdə bu qüvvələrə dəstək verən “5-ci kolon”un qalıqrları hələ də var. Xarici qüvvələr ölkəmizə təsir rıçaqlarını itirdikləri üçün daxildəki destruktiv qruplaşmalardan istifadə etməyə çalışırlar. Demək olar, sıravi vətəndaşlara da məsələ aydındır. Kimlər 30 ilə yaxın Qarabağ məsələsini “həll etməyə çalışıblar”, kimlər Azərbaycanın əleyhinə işləyiblər... Biz bunları görərək bütün ağır problemləri özümüz həll etdik. Bu gün Azərbaycan dünyanın ən qürurlu, müzəffər dövləti və xalqı kimi yaşayır, inkişaf edir”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, indiki halda rus sülhməramlılarının Azərbaycan ərazisini tərk etməyə başlaması yaxın zamanlarda bu prosesin bitəcəyini proqozlaşdırmağa imkan verir: “Bilirik ki, Azərbaycan-Rusiya arasında çoxşaxəli strateji dostluq əlaqələrinə söykənən münasibət var. Təbii ki, sülhməramlılr hüquqi olaraq ölkəmizdə 2025-ci ilin noyabrına qədər qalmalı idilər. Yenə də Azərbaycan Prezidentinin və komandasının uğurlu fəaliyyəti, diplomatik məharəti, uzun zamandır, Rusiya tərəfi ilə açıq-qapalı görüşlərin keçirilməsi artıq öz bəhrəsini verir. Təbii olaraq ərazimizdə yerləşən rus sülhməramlıları artıq bölgədən çıxırlar. Bu, bizim böyük uğurumuzdur. Unutmayaq ki, dünyada 50-yə yaxın dondurulmuş münaqişə mövcuddur. Onların bir çoxunun uzunmüddətli yaşı var. Münaqişədə olan ölkələrin xeylisi Azərbaycandan qat-qat böyük ölkələrdir. Həm ərazisinə, həm əhalisinə, həm də iqtisadiyyatına görə yüksəkdə olsalar da, Azərbaycan öz gücünə, məharətinə, qətiyyətinə böyük bir problemi təkbaşına həll etdi. Bununla da beynəlxalq hüququn prinsiplərini, həm də İlahi ədaləti bərpa etdi. Belə bir situasiyada hətta bir kəndin belə alınmasına razı olan, “torpaqlar azad edilsə, artıq heç nə deməyəcəyik” deyən bədxahlar az qala 100 ilə yaxın ərazimizdə mövcud olmuş erməni qruplarının, birləşmələrinin, onun tör-töküntülərinin ölkədən tamamilə təmizlənib çıxarılmasına baxmayaraq hələ də mitinq ab-havasındadırlar. Aranı qarışdırmağa çalışırlar. Son fikirlərində artıq heç bir arqumentləri qalmamışdı. Bunu əllərində bayraq etməyə çalışırdılar ki, Azərbaycan ərazisində Rusiyanın qoşunu mövcuddur, Qarabağda rus sülhməramlıları var. Artıq bu məsələ də öz həllini tapır. Bu, deməyə əsas verir ki, Azərbaycan iqtidarı, cənab Prezident, komanda çox gərgin, ağıllı, müdrik siyasət yürüdərək hələ 1 il də artıq vaxt qalmasına baxmayaraq bu məsələni də həll edir. Ruslar ərzilərimizi tərk etməyə başlayıblar. Bu, ölçüyə gəlməyən böyük qələbədir. İki ölkə arasındakı münasibətlərə xələl gətirmir. Təbii ki, hər iki ölkənin müvafiq orqanlarının gərgin işləri də masadadır. Azərbaycan Prezidentinin şəxsi nüfuzu da bu prosesdə rol oynayır. Azərbaycanla heç bir tonda danışa bilməyən dövlətlər isə daxildəki qüvvələri hərəkətə gətirərək ajiotaj yaratmağa çalışırlar. Bu da baş tutmur. Çünki xalq Prezidentin ətrafında sıx birləşib. Bu güc, qətiyyət hər zaman öz sözünü deyəcək. Düşünürük ki, heç olmasa bundan sonra “ağzıgöyçəklər” susacaqlar, məğlubiyyətlərini, Azərbaycan dövlətinin gücünü etiraf edəcəklər. Dəyişən, qaynar qazan kimi dönən bu dünyanın indiki gedişində Azərbaycanın bütün sahələrdəki uğurlarını görəcəklər və hərtərəfli inkişafımızda töhfə verməsələr də, ən azından heç nəyə maneə olmayacaqlar. Bu, hazırda açıq, konkret reallıqdır. Ölkəmiz növbəti dəfə dünyada öz gücünü göstərmiş oldu. Bir daha çox uğurlu, düşünülmüş, məntiqli siyasətin nəticəsini ortaya qoyduq. Bu sabitlik, qələbələr bizim sərvətimizdir. Biz bunu daima qoruyub saxlamağa çalışmalı, gələcək nəsillərə inkişaf etmiş Azərbaycanımızı əmanət etməliyik”
pravda.az