Siyasət 21 Fevral 2024, 16:53 | Baxış sayı: 77
“Kamil Zeynallı Ermənistana təhvil verilə bilməz, elə bu gün məsələ həllini tapacaq”

“Kamil Zeynallı ilə bağlı məsələ Rusiyadakı səfirliyimizin nəzarətindədir. Vətəndaşımıza hüquqi yardım xidmətlərinin hər biri göstəriləcək. Azərbaycan dövlətinin qanunsuz saxlanılan, qanunazidd hərəkətlərlə qarşılaşan hər bir vətəndaşını müdafiə etməsi şübhəsizdir. Belə də olacaq. Güclü Azərbaycan dövləti heç vaxt vətəndaşını bu cür məsələlərdə darda qoymaz. Düşünürük ki, indiki situasiyada hadisəyə soyuqqanlı yanaşmaq lazımdır. Hüquq var, qanun var! Artıq Xarici İşlər Nazirliyimiz də açıqlama verib. Heç bir halda Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilə bilməz. Elə bu gün məsələ həllini tapacaq, geniş məlumat ala biləcəyik. Hər şey yaxşı olacaq”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

“Hər bir azərbaycanlı, vətənpərvər insan müharibə dövründə, ölkəsinin çətin vaxtlarında sosial məsuliyyət hiss edir, imkanı daxilində cəmiyyətə dəstək olur. Kamil Zeynallı da bu insanlardan biridir. Vətənpərvər Azərbaycan oğlu, fəal vətəndaş kimi əlindən gələni, bacardığını etməyə çalışıb. Əgər Kamil Zeynallının Rusiyada bizim bilmədiyimiz hər hansı şirkətlə, digər şəxsi məsələlərlə bağlı əməli yoxdursa, Ermənistan Kamil Zeynallının Azərbaycanda şəhid ailələri ilə görüşünü, Vətən müharibəsi dövründə qazilərə, sosial problemi olan insanlara yardımlar göstərməsini, aktivliyini, vətənpərvərliyini hansısa siyasi məsələyə çevirməyə cəhd edirsə, bu, Ermənistanın başından böyük iş görmək istədiyi anlamına gəlir. Onlar bunu edə bilməzlər. Burada heç bir qanun pozuntusu yoxdur”, - deputat bildirib.

pravda.az

Xəbərlər