"YAP etimad göstərərsə, seçkilər keçirilərsə, onun əsgəri kimi yenidən bu prosesə deputat kimi qatıla bilərəm".
“Özümü xoşbəxt hesab edirəm ki, beş dəfə Milli Məclisə deputat seçilmişəm".
"Fəaliyyətim göz qabağındadır, görürlər. Yeni Azərbaycan Partiyası etimad göstərərsə, seçkilər keçirilərsə, onun əsgəri kimi yenidən bu prosesə deputat kimi qatıla bilərəm”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Cebhe.info-ya onlayn mediada və sosial şəbəkələrdə parlamentin buraxılacağı barədə məsələyə münasibət bildirib.
O, həmçinin bunun xalqın və partiyanın öhdəsində olduğunu bildirib: “Bu, xalqın istəyidir. Digər bir tərəfdən mən Yeni Azərbaycan Partiyasının üzvüyəm, bu çağırışda YAP- dan dəstək almışam. Partiyanın qurulmasında, 1992-93 cü illərdə partiyanın rayonda təşkilatlanmasındafəal iştirak etmişəm. Əgər seçilməsəm də uzun müddət çalışmış, təcrübəli, yaradıcı insan, aliməm. Yaş o həddədir ki, istirahət etmək olar”.
Deputat deyir ki, yeni seçkilərin keçiriləcəyi ilə bağlı mövzudan siravi insanlarla bərabər, müəyyən siyasi partiyalar da şou yaratmaq üçün istifadə edir:
“Onlar insan həyatını ucuzlaşdırmaq istəyirlər. Əgər deputatın arxasında 40-45 min seçicisi olursa, həmin şəxsi bayağı şəkildə təsvir etmək, hörmətdən salmaq, rənglər vurmaq onun özünə deyil, seçicilərinə hörmətsizlikdir. Bəzi müxalif siyasi partiya rəhbərləri deputatların hamısının savadsız, qabiliyyətsiz olduğunu deyirlər. O gün onlardan birinə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə cavab verdim. Dedim ki, gəl qarşı-qarşıya oturaq. Mənim hardasa 50 ildən çox iş stajım var. 17 yaşımdan işləmişəm. Bəs sənin işin nədir?! Bu dövlətə nə xeyir vermisən?! Mən bu yolları keçmişəm, bu təhsilim, bu elmi dərəcəm, bu yaradıcılığım. Səninki nədir?! Mənim villam, bahalı maşınım, geyməyə yaxşı kostyumum yoxdur, xarici ölkəyə getmirəm. Sənin isə villan var, bahalı maşında gəzirsən. Hansı vəsaitlədir?! Məni niyə təhqir edirsən?!
Mənəviyyata qalanda bildirim ki, sən uşaqlarını çölə atmısan. Sənin onlardan xəbərin yoxdur. Gedib öz həyat yoldaşının rəfiqəsi olan xanımı götürüb qaçmısan. Aparıb özünə həyat yoldaşı eləmisən. Sən niyə bütün deputatları bu cür qələmə verirsən? O insan ağıllı insandır ki, təhqirlə danışmır. Rəhmətlik ulu öndər Heydər Əliyevin bir sözü var. Deyirdi ki, ağıl olan yerdə zora ehtiyac yoxdur. Ağılsız adam həmişə zorla, qolu ilə, ağıllı isə fikri ilə danışır. Əli Kərimli nələr danışır. Bizim qələbəmizə elə kölgə salırlar ki...Arif Hacılı və digərlərini də buna misal göstərmək olar. Qələbə qazanılıb. Elə məsələlər var ki, tədricən həll olunmalıdır, zamana ehtiyac var. Ölkə rəhbərliyinin, dövlətin, deputatların adına qara yaxmaq nəyə lazımdır? İqtidarı təmsil edən jurnalistərə də hətta deyilir ki, satılıblar. Jurnalist reallığı deyir. Məsələn, jurnalistləri Şuşaya aparırlar. Başlayıb onlara da qara yaxırlar ki, satqındırlar. Mən bunu qəbul etmirəm”.
Tahir Rzayev deyib ki, vəzifə də əbədi deyil:
“Bəziləri elə güman edir ki, hansısa stulda oturubsa, axıra kimi o stulda getməlidir. Mən həyatımda çox çətin yollar keçmişəm. Əmək fəaliyyətinə fəhlə kimi başlamışam. Həyatımı dövlət işlərinə həsr etmişəm. 21 ildir ki, deputatam. Çalışıram ki, üzərimə düşən vəzifəni bacardığım qədər yerinə yetirim. Mən demirəm ki, tam yerinə yetirirəm. Hər bir insan öz fəaliyyətinə qiymət verməlidir. Gecə yatarkən özünə hesabat verməlidir ki, mən bu gün nə etdim?! Bunu düşünən, vaxtımı bölən adamam”.