“Yalan və dedi-qodu orucu pozur”
Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Ramazan ayı barədə fikirlərini bölüşüb.
Sosial şəbəkə hesabında bu barədə yazan deputat yalan və dedi-qodunun orucu batil etdiyini bildirib:
“Orucu yalnız qida və maye qəbul etmək pozmur. İnsanların haqqına girmək, yalan danışmaq, insanları aldatmaq, dedi-qodu ilə məşğul olmaq, xəbər aparıb-gətirmək və digər günah əməllər də orucu pozur.
Oruc cismən, fikrən və əmələn tutulmalıdır. Məhəmməd Peyğəmbər (s) buyurub: "Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur".
İslam ibadətlərinin əsas məqsədlərindən biri insanların mənən saflaşması, paklaşması və günahlardan arınmasıdır. Bir sözlə oruc yalnız mədə ilə deyil, əməllə də tutulmalıdır.
Yuxarıda da qeyd olunduğu kimi, əgər bir insan oruc tutursa ancaq bu onun əməllərində özünü göstərmirsə onun bütün günü ac qalmasına Allahın ehtiyacı yoxdur. Allah bütün oruc və duaları qəbul etsin! Ölkəmizi və xalqımızı qorusun!”
yenisabah.az