"Ya bizlə bir yerdə yaşamalı, ya da ərazilərimizi tərk edərək Ermənistana getməlidirlər"
Aprelin 18-də Prezident İlham Əliyev AzTV-yə müsahibəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə çağırış edib.
Dövlət başçısı bəyan edib ki, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, İlham Əliyev artıq bir neçə dəfədir ki, bu məsələyə toxunur.
Onun sözlərinə görə, prezident Azərbaycanın çox qəti və konkret mövqeyini Ermənistan tərəfinin diqqətinə çatdırır:
"Bu ərazilər Azərbaycan əraziləridir. Beynəlxalq hüquqda da təsbit olunub ki, bizə məxsus ərazilərdir və ermənilərin yalnız iki yolu var: bir yolu odur ki, ya bizim vətəndaşlığımızı qəbul edib bizim idarəçiliyimizdə yaşamalıdırlar, ya da Azərbaycanın idarəçiliyində yaşamağı istəmirlərsə, o zaman bu əraziləri tərk etməlidirlər. Biz bunu dəfələrlə bildirmişik və bu gün də cənab prezident növbəti dəfə bu məsələni Ermənistan tərəfinin diqqətinə çatdırdı. Ermənistan tərəfi, Qarabağ erməniləri bu barədə ciddi şəkildə düşünməlidirlər. Onların iki seçimi var, başqa heç bir seçimi yoxdur. Onlar ümidlənməsinlər ki, orada Azərbaycanın razılığı olmadan, Azərbaycan idarəçiliyində olmadan yaşaya bilər. Yəni bu, bizim tam hüququmuzdur, tam haqqımızdır. Cənab Prezidentin qeyd etdiyi kimi, status məsələsi də gorbagor olub. Bu gün müzakirə mövzusu deyil".
Millət vəkili onu da qeyd etdi ki, ermənilər xarici havadarlarına güvənərək Azərbaycana qarşı təxribatlarını davam etdirməməlidirlər.
"Anlamalıdırlar ki, bölgənin taleyi bölgədə həll olunur və Azərbaycan bu məsələdə prinsipialdır, qətiyyətlidir. Azərbaycan heç zaman bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək. Ona görə nə qədər gec deyil, onlar bunu anlamalıdırlar, dərk etməlidirlər. Heç bir digər yalan təbliğatın təsirinə məruz qalmayaraq, uymayaraq bu şərti qəbul etməlidirlər. Qeyd etdiyimiz kimi, ya bizlə bir yerdə, bizim vətəndaşlıqla, bizim idarəçilikdə yaşamalı, ya da ki, bu əraziləri tamamilə tərk edərək Ermənistana getməlidirlər. Bir daha qeyd edirik ki, başqa seçim yoxdur. Yəni hər zaman olduğu kimi, Azərbaycan qətiyyətli, prinsipial mövqeyini ortaya qoydu və prezident də çox sərt şəkildə bu məsələyə, bu məqama öz münasibətini bildirdi. Ermənilər bundan nəticə çıxarıb gələcək fəaliyyətində bu məqamları nəzərə almalıdırlar", - deyə C.Məmmədov bildirdi.