Plenar iclaslar 15 Oktyabr 2021, 11:52 | Baxış sayı: 110
"Xüsusilə Azərbaycanı, bütövlükdə suverenliyimizi təhdid edən qanunsuz erməni birləşmələrinə anında cavab verilməlidir”.

“Azərbaycanın bu gün Qarabağda problemlərlə qarşılaşması gözlənilən proses idi. Xüsusilə Azərbaycanı, bütövlükdə suverenliyimizi təhdid edən qanunsuz erməni birləşmələrinə anında cavab verilməlidir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, bir əsgərimizə qarşı 15-20 erməni əsgəriylə cavab verməliyik: “Çünki bu prosesi biz elə formada güzəştli saxlasaq, gələcəkdə bizim üçün daha böyük problemlərə səbəb ola bilər. Ona görə də dövlət başçısının da bu yöndə qətiyyətli iradəsi cəmiyyət tərəfindən də dəstəklənir”.

Deputat  çıxışı zamanı yeni təyin edilən məmurların fəaliyyətindən narazılığını da qeyd edib:

“Son vaxtlar yeni təyin olunan məmurlardan çoxsaylı şikayət alırıq. Yenilər gələn kimi ərizələr yığmağa başlayır. Məmuru qorumağın mexanizmi tapılmalıdır. Təbii ki, kimsə qaranlıq yollarla işə düzəlibsə, onu aşkara çıxarmaq olar. Ancaq digər məmurlara qarşı bunu etmək olmaz. Bu proses yalnız Azərbaycandadır ki, yeni gələn nazirlər köhnə kadrları işdən çıxarır, əvəzində isə öz adamlarını işə götürür”.

 

Fazil Mustafa həmçini elm sahəsində olan plagiatlardan da danışıb:

“Ali Attestasiya Komissiyası tərəfindən bir nəfərin elmi işi plagiat olduğu üçün ləğv olunur”.
Deputat bildirib ki, bu gün elm sahəsində plagiat baş alıb gedir: “Bu məlumat daha geniş olsa, yaxşı olardı. Yəni kimin adamı idi, yaxud kimsəsiz idimi?!”.

Xəbərlər