Cəmiyyət 26 Yanvar 2022, 15:55 | Baxış sayı: 240
"Xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanuna ehtiyac olub-olmaması ciddi müzakirə edilməlidir".

“Xeyriyyəçiliklə bağlı qanun layihəsi barədə hələ ki heç bir məlumatım yoxdur. Amma bunun qəbul olunması məsələsi bir az müəmmalıdır”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildiib.


Onun sözlərinə görə, “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hansı formada hazırlanması ictimaiyyətdə geniş müzakirə olunmalıdır:
“Yəni, buna zərurət varmı? Xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanunvericilikdə tənzimlənən bir çox normalar var ki, buna imkan yaradır. Amma konkret ayrıca belə bir qanuna ehtiyac olub-olmaması ciddi müzakirə edilməlidir”.


Deputat qeyd edib ki, xeyriyyəçilik insanın mənəvi həyatı ilə bağlı olan məsələdir:
“Kimlərsə xeyriyyəçilik istiqamətində hansısa fəaliyyət göstərirsə, bu, alqışlanmalı işdir. Söhbət kiminsə pulunun çoxluğundan, azlığından getmir. Yaxşı əməl, yaxşı niyyətlə görülən işlərin hamısı xeyriyyəçilik kimi qiymətləndirilməldir. Konkret qanuna gəlincə, burada nəyin nəzərdə tutulduğu mütləq dəqiqləşdirilməlidir. Əks halda, bu qanunun ictimai münasibətləri tənzimlənmə keyfiyyətinin necə olacağını indidən müəyyənləşdirmək çətin olar. Bütün hallarda faydalı bir sahəyə aid olan məsələdir”.


F.Mustafa bildirib ki, halal yolla əldə olunan hər hansı vəsaitin xeyriyyəçilik məqsədi ilə sərf olunmasının müsbət nəticələri olacağına və cəmiyyətin bu işin stimullaşdırmasına kömək edə biləcəyinə ümid bəsləyir:
“Amma hələ ki bu, qanunla müəyyən edilmir. Xeyriyyəçilik daha çox maarifçilik, təbliğatla edilən məsələdir. Ona görə qanunda nəyin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır. Bəzən də bir qisim dələduzluq məqsədi ilə xeyriyyəçilik adından istifadə edir. Böyük ehtimalla qanun layihəsində bununla bağlı müəyyən dərəcədə münasibət ortaya qoyulacaq”.

Ötən ilin payızında Milli Məclisdə “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanacağı bildirilib.  

Xəbərlər