Cəmiyyət 15 Avqust 2022, 15:00 | Baxış sayı: 228
"Xarici ölkələrin mətbuatında işıqlandırılan Azərbaycana qarşı yönəlmiş bəzi məsələləri bizim cəmiyyətin eşitməsi, televiziyalarında izləməsi yolverilməzdir".

Bakıdan bölgələrə səfər edərkən Azərbaycan radio kanalları əvəzinə İran, gürcü kanallarını rahat şəkildə dinləyə bilirik. Bu, illərdir həllini tapmayan problemdir. Rayonlarımızda Azərbaycan radio dalğaları, ümumiyyətlə, tutmur. Lənkəran, Salyan-Neftçala, Beyləqan, Sabirabad, Saatlıda İran kanalları, Balakəndə isə 7-8 gürcü kanalını rahatlıqla dinləyə bilirik.

 

75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı Cavanşir Paşazadə Pravda.az-a açıqlamasında bildirib ki, bu problem aradan qaldırılmalıdır.

 

“Dövlətimizin daha da gücləndiyi bir vaxtda, belə bir problemin hələ də davam etməsi doğru deyil. Qonşu olsalar belə, xarici ölkələrin mətbuatında işıqlandırılan Azərbaycana qarşı yönəlmiş bəzi məsələləri bizim cəmiyyətin eşitməsi, televiziyalarında izləməsi yolverilməzdir. Bu, cəmiyyətimizdə əsəb, gərginlik yaradır. Həm də insanlarımız bilirlər ki, həmin ölkələrin mətbuatında yayımlanan müəyyən məlumatlar əsassızdır, düzgün informasiyalar deyil. Sovet dönəmində də Cənub bölgəsinin bir sıra rayonlarında belə problemlər mövcud idi. İranın televiziya dalğaları da daim bizim kanallarla qarışırdı. Bilmirəm, hansı texniki məsələ iglə əlaqədardır. Onlarda tezliklərin yüksək olması bizim bölgələrimizdə radio və televiziyada dalğaları üstələyir. Bu problem həmişə olub. İndiki dönəmdə rayonlarımıza rahat gediş-gəliş var, yol insfratrukturu qurulub. İnsanlar rayonlara dincəlmək üçün səfər edirlər, bölgələrə daxil olan kimi yol boyu avtomobildə ancaq İranın radiolarını eşidirlər. Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, yerinə İran daxil olur. Televiziyalarda da İran kanalları göstərir. Bir neçə dəfə bununla bağlı aidiyyəti üzrə müraciət olunub. Bu problemi mətbuata açıqlamalarımda da dəfələrlə səsləndirmişəm. Azərbaycan, demək olar, bütün sahələrdə nailiyyətlər qazanıb, inkişaf edib. İstərdim ki, mətbuatla, televiziya ilə bağlı problemlər də artıq həllini tapsın. Sözügedən problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbir görməlidir. Naxçıvanda, sərhəd bölgələrimizin hər yerində bu problemlər var. Tez bir zamanda həll olunmalıdır. Çünki cəmiyyətimiz, xalqımız bunu istəyir”.

Xəbərlər