Cəmiyyət 8 Sentyabr 2021, 16:29 | Baxış sayı: 295
"Xaricdə təhsil alıb, qayıdanların hesabına bir az üzümüzü ağardan proseslər var. Lakin bütövlükdə Azərbaycan cəmiyyətinin indiki savadlılıq potenisalı xeyli aşağıdır".

Millət vəkili Fazil Mustafa Yenisabah.az-a müsahibə verib:

– Fazil bəy, bu gün dünyada Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur. Sizcə sovet dönəmində insanlar savadlı idi, yoxsa indi?

– Ümumiyyətlə, savadın meyarı bir az fərqlidir. Müasir dövrdə savad daha çox texnoloji biliklərlə ölçülür. Bu gün Azərbaycanda texnoloji biliklərə sahib insanların sayı elə də çox deyil. Daxildə universitet sistemi inkişaf etmədiyinə görə, xaricdə təhsil alanlar çoxluq təşkil edir.

Bizim kimya, fizika, riyaziyyat, biologiya və başqa sahələrdə xeyli geriləməmiz var. Kadr yetişdirmək imkanlarımız xeyli məhduddur. Xaricdə təhsil alıb, qayıdanların hesabına bir az üzümüzü ağardan proseslər var. Lakin bütövlükdə Azərbaycan cəmiyyətinin indiki savadlılıq potenisalı xeyli aşağıdır.

– İnsanların mütaliə səviyyəsi sizi qane edirmi?

– Mütaliə sovet dövrü ilə müqayisə olunmaz səviyyədə aşağıdır. Demək olar ki, orta məktəbi qurtaran insanların müəyyən bir qismi normal yazı yaza bilmirlər. Ümumiyyətlə, xəttin olmaması, ancaq kompüter və telefon üzərindən yazı vərdişi xətt mədəniyyətini ortadan qaldırır. O da bir estetikadır. Savadlılıq həm də estetika ilə əlaqəli olmalıdır.

– Azərbaycanda savadlılıqla cəhalət arasında fərq hansı səviyyədədir?

– Bütövlükdə hesab edirəm ki, savadlı olanlar azlıqdadır, cahillər onları üstələyir. Xüsusilə də dini cəhalət kifayət qədər yüksək səviyyədədir. Dini cəhalətlə yanaşı siyasi, ideoloji cəhalət kifayət qədər yüksək səviyyədədir. Bununla da hadisələri, prosesləri təhlil edən çox az sayda insanların doğru istiqamət də cəmiyyətin gələcəyi ilə bağlı fikir söylədiyini müəyyənləşdirmək mümkündür.

Bunu hərbi xidmətdə daha çox müşahidə etmək olar. Orta məktəbdən gələn uşaqların içərisindən normal xəritəni, coğrafiyanı, yazı yazmağı bilən insan tapmaq çox çətin məsələdir. Bütün bunlar hamısı onu göstərir ki, biz xeyli geridəyik. Bu geriliyi aradan qaldırmaq çox çətin olacaqdır. Müasir dövrün asan vərdişlərinə meyil edən insanları sistemli şəkildə biz harasa gətirə, məktəbə cəlb edə bilmərik. Pandemiyada bunu daha da artırdı.

– Sizcə, insanlar niyə müəyyən yaş dövründən sonra dini rituallara inanırlar?

– Bəlli bir yaşdan sonra qadınlar daha çox dini rituallara yönəlməyə başlayırlar. Bu onu göstərir ki, müəyyən dərəcədə bilikdən qaçan və yaxud da bilik əldə etməyən insanlar üçün hansısa bir şifahi şəkildə əldə olunan, təlqin edilən fikirlər daha çox önəm daşıyır. Düşünmək istəmədən verilən ehkamı icra etməyə və ya onu həzm etməyə meyilli insanların sayı hədsiz dərəcədə çoxalmağa başlayıb.

– İndiki dövrdə savadlı usta tapmaq mümkündürmü?

– Diqqət etsəz, görərsiz ki, indiki dövrdə savadlı fəhlə, usta tapmaq özü bir problemdir. Hamısı hər hansı vərdişlə bir yerə gəlib çıxıblar.. Amma bir maşın düzəldən insanların müəyyən qisminə diqqət göstərsəz, görərsiz ki, vərdişlə maşını təmir edə bilir. Bəlli bir kitabdan oxuyub, texnoloji biliyə sahib ola bilən insan kimi qəbul etmək mümkün olmur. Bu ümumi bir bəladır. Və düşünürəm ki, bizdə təhsil sisteminin müəyyən dərəcədə rasional və ağıllı şəkildə qurulmaması, digər tərəfdən gənclər siyasətinin ağıl formada aparılmaması nəticəni ortaya qoyur.

Xəbərlər