Xaricdə təhsil alan tələbələrin köçürülməsi qanunvericiliklə tənzimlənəcək
“Qanunvericilikdə əsas boşluq xaricdə təhsil alan tələbələrin köçürülməsi ilə bağlıdır”.
Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin oktyabrın 19-da keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, ölkə daxilində fəaliyyət göstərən özəl təhsil müəssisələri ilə bizim problemimiz yoxdur, bu təhsil müəssisələrində tələbələrin köçürməsi tənzimlənir: "Amma xarici ölkələrin təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi mövcud qaydalarla tənzimlənmirdi. Yeni təklif etdiyimiz qaydalar artıq bunu da əhatə edəcək”.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.
Mənbə: apa.az