Cəmiyyət 2 Mart 2022, 14:41 | Baxış sayı: 177
"Xaricdə təhsil alan tələbələr niyə və hara qayıtsınlar?"

"Azərbaycan Prezidenti İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamını alqışlayıram. Nəhayət yenidən xaricdə təhsilin dövlət tərəfindən dəstəklənməsi ideyası bərpa olundu. Təbii ki, könül istərdi imkanlarımız daha geniş olsun və bu say hər il üçün 400 deyil, 4000 olsun. Pulumuzun çox olan vaxtı 5000 nəfərin xaricdə təhsilini nəzərdə tutulan proqramın necə batırıldığını hamımız xatırlayırıq. İndi də təhsili idarə edənlər elə də sağlam qafaya və dünyagörüşə sahib deyillər, bu səbəbdən də hələ icra məsələsi necə olacaq bəlli deyil".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, xoş niyyətlə qəbul olunmuş bu proqramın necə icra olunacağı deyil, necə batırılacağı barədə sual daha çox düşündürür: "Bu dəfə 2 min nəfərin 80 %-i magistratura səviyyəsi üzrə təhsil alacaq. Xeyirli olsun. Ancaq prioritet ixtisaslarda fəlsəfənin nəzərdə tutulması daha yaxşı olmazdımı? Məsələn, fikrimcə dövlət idarəetməsi kimi mücərrəd və bir az da formal istiqamətin yerinə xarici ölkələrdə təbiət elmləri bazasında fəlsəfə ixtisasına böyük ehtiyac var. Digər ixtisaslar isə məqsədəuyğun seçilib. Gözləyək görək. Həm də bu təhsil alan gənclərin ölkəyə qayıdışını tələb etməzdən öncə, paralel olaraq bir neçə tədqiqat universiteti modelinin yaratmaq üçün çox ciddi islahat həyata keçirilməlidir. Bu adamlar niyə və hara qayıtsınlar? Mühiti yaradaq ki, özləri həvəslə qayıdıb burada çalışmağa qərar versinlər. Ümid edirəm ki, 2026-cı ildə təhsil sistemimizdəki fərasətsiz kadrların sayəsində bu gözəl və faydalı təşəbbüsün puça çıxmasına şahid olmayacağıq".

Xəbərlər