Siyasət 23 Avqust 2023, 16:00 | Baxış sayı: 105
“Xankəndi ermənilərinin yeganə qurtuluşu İlham Əliyevin şərtlərini qəbul etməkdir”

Qarabağ erməniləri düşdükləri vəziyyətdən narahatdırlar. 

Xankəndində yaşayan qarabağlı erməni Anna Mnasaqaryan İrəvandakı "Hraparak" qəzetinə müsahibəsində deyib ki, rejimə inamları qalmayıb. Laçın yolu bağlı olduğu üçün ərzaq təminatında çətinlik yaşayırlar. 

O, Xankəndi rəhbərliyinin bölgədəki vəziyyətə biganə yanaşsığını dilə gətirib. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Kamal Cəfərov açıqlamasında bildirib ki, Xankəndidə yaşayan ermənilərin yeganə qurtuluşu Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdir:

“Prezident Əliyevin şərtləri həmişə ədalətli və ən düzgün seçim yolu olub. Eyni zamanda Xankəndində yaşayan ermənilər artıq anlamağa başlayır ki, regionda real və praktiki sülhə yalnız İlham Əliyevin iradəsi ilə nail olmaq olar". 

Onun sözlərinə görə, Xankəndidə yaşayan ermənilər anlayır ki, Ermənistan hakimiyyəti və bölgədəki qanunsuz rejim onlardan alət kimi istifadə edir, onlar üzərindən hansısa oyunlar aparırlar:

"BMT-nın Təhlükəsizlik Şurasının sonuncu iclası da göstərdi ki, bəzi böyük dövlətlər regionda sülhün deyil, yeni münaqişənin tərəfdarıdır. Sadə insanlar başa düşməyə başlayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının iclasında beynəlxalq ədalətin əleyhinə çıxış edən dövlətlər üçün onların rifahı maraqlı deyil. Həmin böyük dövlətlər ya sülhsevər dövlət imitasiyası edirlər, ya da faydasız məyusluğa düçar olmaqla öz vəzifələrini icra edirlər". 

Deputat qeyd edib ki, Ukrayna nümunəsi göz qabağındadır:

“Xankəndidə yaşayan ermənilər artıq anlayır ki, regionda real güc və söz sahibi İlham Əliyevdir və yalnız ona qulaq asaraq, şərtlərini qəbul edərək praktiki sülhə nail olmaq olar. 

Əks halda erməni mətbuatının Xankəndidə qanunsuz rejimin qərarına istinadən Ağdam-Xankəndi yolunun açılmasını elan etməsi nonsensdir. Ağdam-Xankəndi yolu İlham Əliyevin iradəsi ilə açılır. Bu da təbiidir. 

Digər tərəfdən cari vəziyyətdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayan ermənilərin özlərinin oradakı qanunsuz rejimi qovması, Ermənistandan və onlardan istifadə etmək istəyən digər qüvvələrdən imtina etməsi mümkündür. İstənilən halda, biz qarşımıza qoyduğumuz bütün hədəflərə nail olacağıq".

Son olaraq Kamal Cəfərov Zəngəzur dəhlizindən istifadə edərək Naxçıvana avtomobil və qatarla hərəkətin mümkün olacağına əminliyini ifadə edib: 

"Nəinki Naxçıvana, Qərbi Azərbaycana, Basarkeçərə gedəcəyik, çaylarımızı, bulaqlarımızı görəcəyik. Baba və nənələrimizin məzarlarını ziyarət edib, onları bərpa edəcəyik. Orada da sülh içində yaşacayıq. Bütün bunlara da məhz İlham Əliyevin dəmir iradəsi ilə nail olacağıq".

demokrat.az

Xəbərlər