“Əvvəlki illərə nisbətən Azərbaycanda milli futbol çempionatının səviyyəsi qalxıb”
“Ölkəmizdə inkişafda olan digər idman növləri ilə müqayisədə futbolun tam inkişaf yolunda olduğunu deyə bilmərik. Lakin etiraf etməliyik ki, əvvəlki illərə nisbətən Azərbaycanda milli futbol çempionatının səviyyəsi qalxıb. Məsələn, “Qarabağ” klubu çox böyük uğurlar əldə edib, Azərbaycanın adını, demək olar, bir çox UEFA turnirlərində şərəflə təmsil edib. Uzun illər bunu ancaq xəyal edə bilərdik. Bu da inkişafımızdan xəbər verir. Fudzalçılarımız çox böyük qələbələr qazanırlar. Yığma komanda səviyyəsində isə hələlik bunları söyləmək olmaz. Təbii ki, bir neçə baş məşqçi uzun illər ərzində dəyişsə də, yığma komandamız istədiyimiz nəticələri verə bilmir. Hər dəfə yeni baş məşqçinin gəlməsi ilə taktiki, texniki və oyunun digər elementlərində dəyişikliklər baş verir, lakin hələlik Azərbaycan futbolçularının əzmkarlıqlarının, qətiyyətinin, taktiki və texniki üstünlüklərinin inkişaf etdiyinin şahidi olmuruq. Ən əsası da oyunlara baxıb, analiz edəndə oyunçularımızın hələ də rəqib komandalarla müqayisədə həyəcanlı olduqları, topun idarəsində “məndən keçsin, səhv məndə olmasın” obrazı yaranır. Bütün oyunun idarəsini öz üzərinə götürmək, onun məsuliyyətini daşımaq kimi anlayışları hələlik yığma komandanın oyunçularına şamil etmək olmaz. Əzmkarlıq, sona qədər mübarizə aparmaq ruhunun zəif olması yığma komandamızın acı məğlubiyyətlərə düçar olmasına gətirib çıxarır...”
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, tənqidləri səsləndirməklə komandanı “baltalamaq”, hansısa mənfi fikir söyləyib oyunçuların əzmkarlıq ruhunu aşağı salmaq yox, əksinə, onlara stimul vermək lazımdır: “Düşünürəm, məşqçiləri dəyişməklə hələlik heç nə dəyişməyəcək. yenə də milli çempionatın səviyyəsini qaldırmalı, oyunçularımızın futbolçu üçün lazım olan bütün keyfiyyətlərinin yüksəlməsinə maraqlı olmalıyıq. Azərbaycanlı futbolçuların dünya üzrə böyük çempionatlarda oynamasını təmin etməliyik ki, məktəblərimizdən də oyunçular milli komandaya gəlsinlər. Onları xarici klublar alsınlar, nəticədə daha yüksək statuslu çempionatlarda mübarizə aparsınlar ki, performansları yüksəlsin. Azərbaycan elə komandalarla oynayır ki, rəqib komandanın iki-üç oyunçusu 22 oyunçumuzdan daha bahalıdır. Bunların hər biri komandanın səviyyəsini göstərir. Ümumiyyətlə, futbol çox böyük zəhmət tələb edən oyundur. Biz necə inkişaf ediriksə, paralel olaraq futbol ölkələrini təmsil edən komandalar da inkişaf edir, yerində durmur. Bütün bu proseslər, təbii ki, davamlı olmalıdır. Yəni Azərbaycan futbolu inkişaf etməli, bunun üçün sadaladığımız məsələlər – milli çempionatın səviyyəsinin artırılması, uşaq futbolunun inkişafı, alt komandalarda yeni oyunçuların - yeniyetmə gənclərin kəndlərdən, digər bölgələrdən, ucqar ərazilərdən baxışlara cəlb olunması, onları yerli məktəblərdən inkişaf etdirərək komandalara cəlb etmək, gələcəkdə tanınmaları, xarici klubların onlardan istifadə etməsi və s... Yalnız bu halda milli komandada yüksək nəticədən danışmaq olar. Hələlik bu məsələlərin təmin olunmasına ehtiyacımız var”.
V.İskəndərov deyib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Cənab Prezident İlham Əliyev çox nadir ölkə başçılarından biridir ki, eyni anda Milli Olimpiya Komitəsinə də rəhbərlik edir. Bu qədər işin gərginliyi, iş qrafikinin sıxlığı, gərgin proseslərin içində olan ölkəyə rəhbərlik etməsinə baxmayaraq, cənab Prezidentin eyni anda olimpiya hərəkatının ölkəmizdəki milli təşkilatına rəhbərlik etməsinin həm də rəmzi mənası var. Bununla ölkə başçımız idman siyasətinə nə qədər önəm verdiyini bir daha göstərmiş olur. Buna görə Azərbaycan idmançıları da həm ölkə daxilində, həm də xaricdə keçirilən yarışlarda, dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında iqtisadi imkanları, həm də əhali sayı böyük olan bir çox ölkələri geridə qoyaraq yüksək nəticələr əldə edir. Ölkəmiz böyük idman yarışlarının keçirildiyi məkana çevrilib. Qətiyyətlə deyə bilərəm ki, ölkəmizdə keçirilən dünya səviyyəli yarışların hər biri nümunədir. Yarışların hər birinin təşkilati məsələlərində bütün detallar nəzərə alınır”.