"Vaxtında yollar da normal çəkilməyib. Buna görə hər dəfə cərimələri 20, 30, 40 manat artırmaq lazımdır?!"
Azərbaycanda dayanma, durma, parklanma qaydaların pozulmasına görə cərimələrin artırılması və yenilərinin tətbiqi təklif olunur.
İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər layihəsi yanvarın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib. Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bir sıra cərimələrin təqribən ikiqat artırılması təklif olunur.
İllərdir ki, bir çox sürücülər parklanma yerlərinin az və baha olmasından şikayət edirlər. Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, yalnız yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.
Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı bunları deyib: “Bu cərimələri niyə artırırsan? Onsuz da indiki cərimələr də çoxdur. Onsuz da bu insanların maaşı, pensiyası azdır. İndi maşın sürür deyə, cəhənnəm əzabı çəkməlidir?”.
O hesab edir ki, vətəndaşı bu qədər yükləmək olmaz: “Əhalinin xeyli hissəsi maşın sürür. İndi bu adamlar nə etsin ki, parklanma yeri yoxdur, yaxud da yollar dardır? Vaxtında yollar da normal çəkilməyib. Buna görə hər dəfə cərimələri 20, 30, 40 manat artırmaq lazımdır?! Bu, vətəndaşı dövlətdən narazı salmaq üçün düşünülmüş bir metoddur”.
Deputat qeyd edib ki, əvvəl alternativ parklanma yerlərini yaratmaq lazımdır: “Yalnız bundan sonra vətəndaşlardan parklanma yerindən kənar maşını saxlamasına görə nəsə tələb etmək olar. Hesab edirəm ki, cərimələrin artırılmasına getmək olmaz. Bu, elə çörəyin qiymətlərinin artırılması kimi bir şeydir”.