“Varlı insanlar hara köçəcəklər? Gərək Aya, ya Marsa, ya da Veneraya qaçsınlar”
“Üçüncü Dünya müharibəsinin birinci mərhələsi artıq başlayıb. Mən belə qiymətləndirirəm. Müharibə əslində Ukrayna ərazisində gedir, amma bütün dünya bu və ya digər – iqtisadi, maliyyə, hərbi, siyasi formada müharibədə iştirak edir. Hər iki tərəf qırmızı xətti keçib. Son qırmızı xətt, təbii ki, nüvə silahıdır. Düşünürəm, bəşəriyyətin gücü, ağlı çatacaq ki, bu formada müharibə başlamasın. ABŞ-ın aparıcı siyasətçiləri bəyan etdilər ki, Rusiya nüvə silahını qismən istifadə etsə, ABŞ və NATO nüvə silahını istifadə etməyəcək, amma qeyri-nüvə, qeyri-kimyəvi, qeyri-qırıcı silahlarla Rusiyanı darmadağın edəcəklər. Hansı nöqtələr vurulmalıdırsa, bu doktrinanı artıq Qərb bəyan etdi. Çünki nüvə silahının sonu yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib.
Deputatın sözlərinə görə, dünyada o qədər nüvə silahı var ki, bu silahların istifadəsi dünyanı 50 dəfə toza çevirə bilər, Yer kürəsi məhv olar: “Onda varlı insanlar hara köçəcəklər? Gərək Aya, ya Marsa, Veneraya qaçsınlar. İndiki vəziyyətdə bu da mümkün deyil. Ona görə də düşünürəm, hansısa addımlar atılmalıdır. Həm Qərb, həm Ukrayna-Rusiya, eyni zamanda Rusiyaya dəstək olan Belarus, Şimali Koreya tərəfi masa arxasında düşünməlidirlər. Bunun gələcəyi yoxdur, heç kim geri çəkilmək istəmir. Konsensusa gəlməyə ehtiyac var, başqa yolu yoxdur. İqtisadiyyat da uduzur, insanlar da. Qərbin özündə ictimai rəy o qədər də hərbin tərəfində deyil, çünki əziyyət çəkirlər”.
Professor deyib ki, artıq Rusiyanın özündə də müharibəni dəstəkləyənlərin sayı azalıb: “Son rəqəmlərə baxdım, 50%-dən aşağı düşüb. Reallığa baxsaq, bəlkə də, 30%-dən aşağıdır. Dünyanı 2 min ailə idarə edir. İqtisadiyyat da, siyasi qüvvə də bunların əlindədir. Dünya ümumi daxili məhsulunun 65%-nə 2 min ailə nəzarət edir. Dünyanın 51%-dən çox mülkü də bu 2 min ailəyə məxsusdur. Bunlar bir qərara gəlməlidirlər. Aldığım məlumata görə, birbaşa yox, başqa formada danışıqlar gedir. Qərb Rusiyanın aparıcı qüvvələrinə xəbər göndərir ki, Putini hansısa formada razılığa gətirmək lazımdır. Çox ümid edirəm, məsələ sülhlə bitəcək”.
Deputat bildirib ki, müharibənin belə formada gedişatının sonu yoxdur: “Dünyada tarixən, bəlkə də 2 min ildən çoxdur bütün müharibələr sülhlə nəticələnib. Müharibə daim gedə bilməz. Amma tarixdə 100 illik, Avropada 30 illik müharibə olub. Təbii ki, o vaxtlarla indiki vaxtı müqayisə etmək olmaz. Ukrayna üçün müharibənin bir gününün xərci artıq 300 milyon dolları keçib. Rusiya üçün bir gün, təxminən, 1 milyard dollara bərabərdir. Bir milyon dollara dünya standartlarına uyğun məktəb, iki bağça tikmək olar. Hər gün bu qədər vəsait müharibəyə xərclənilir. Ukraynanın infrastrukturunun, təxminən, 75%-ə qədəri dağılıb, on minlələrlə ev məhv olub, insanlar həlak olub. Bu gün inflyasiya dünyada 12%-i ötüb. Məsələn, İspaniyada qida məhsullarının qiyməti 42% qalxıb. Rumıniyada ümumi inflyasiya 15%-i keçib. Ən böyük bəla budur ki, enerjinin qiyməti iki dəfə qalxıb. Müharibədən törəyən fəsadlardır... Bu da sənaye istehsalında inflyasiyaya gətirib çıxarıb. İri maşınqayırma, metallurgiya və buna bənzər sahələrdə inflyasiya artıq 25-30%-i ötüb. Məlumata görə, hətta Avropa ölkələrində 35%-ə yaxınlaşıb. Bu, o deməkdir ki, hazırda istehsal olunan avadanlıqlar üçün lazımi ehtiyat hissələrinin qiyməti 30-35% qalxıb. Əsas səbəb enerji, müharibə və müharibədən yaranan fəsadlardır”.
R.Quliyevin sözlərinə görə, inflyasiya 6 aydan sonra istehsalatdan istehlak bazarına keçəcək: “Qiymətlər qalxacaq. Dünya iqtisadiyyatı staqnasiyadadır. Hətta bundan da qorxunc makroiqtisadi fəlakət staqflyasiyadır. Bu, dünya iqtisadiyyatını yeni bir böhrana gətirib çıxarır. Artıq böhran başlayıb. Bununla bir çox iqtisadçılar, alimlər, ekspertlər də razılaşıblar. Böhranın fəsadları ümumbəşər problemə çevrilib. İnsanların həyat tərzi, təxminən, 2,5-3%-ə qədər geriləyib. Belə getsə, bu rəqəm gələn il üçün 5-7%-ə qədər artacaq. Bunu beynəlxalq ekspertlər deyirlər. Tək Ukrayna, Rusiya itirmir, bütün dünya itirir. Avropada insanlar hər gün mitinqlərə çıxır, inflyasiyaya dözə bilmirlər. ABŞ-ın özündə böyük problemlər var. Görün iş hara gəlib çıxıb, Co Bayden elan etdi ki, artıq ABŞ-da koronavirus pandemiyası yoxdur. Təbii ki, “var”, “yox” deməklə pandemiya yox olmur. Sadəcə, nə baş verdisə, Bayden indi maliyyə cəbhəsində ikinci cəbhəni aça bilmir. Müharibədə uduzan ən çox əhalidir, əziyyəti onlar çəkirlər. Bəs kim udur? Hərbi sursatlar istehsal edən nəhəng ABŞ, qismən də Avropa şirkətləri...”