Siyasət 8 Fevral 2023, 15:34 | Baxış sayı: 133
“Vardanyanın Xankəndində özünü erməni xalqının “qəhrəmanı” kimi təqdim etmək şansı lap başlanğıcdan sıfra bərabər idi”

“Ruben Vardanyanın Xankəndinə gəlib, orada özünü erməni xalqının “qəhrəmanı” kimi təqdim etmək şansı lap başlanğıcdan sıfra bərabər idi. Vardanyan gəldi, hansısa cəhdlər göstərdi, reallığı gördükdən sonra dərk etdi ki, onun gözləntiləri özünü doğrultmayacaq. Təbii ki, burada Azərbaycanın həyata keçirdiyi strateji fəaliyyət çox təsirlidir. Ermənistan da, Azərbaycan ərazisində yaşayan ermənilər də, dünya ermənililiyi də növbəti dəfə Azərbaycanın gücünü, iradəsini görməkdədir. Bunu bir Vətən müharibəsi dövründə, bir də indiki mərhələdə bütün ərazilərimiz boyunca suverenliyimizin təmin olunması istiqamətində atdığımız təsirli addımlar zamanı gördülər. Ona görə də Ruben Vardanyanın heç bir şansa malik olmadığını dərk etdikdən sonra təbii ki, ərazini tərk etməsi anlaşılandır...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

 

Deputat bildirib ki, 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi, şanlı qələbə qazanıb, torpaqlarını 30 illik işğaldan azad edib: “Azərbaycanın ərazisində azsaylı ermənilər qalmaqda davam edir. Ermənilərin yaşadıqları ərazilərdə də suverenliyimizin tam təmin olunması çox qısa zaman məsələsidir. Reallıqlar hər zaman bunu göstərir ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasının hərbi mərhələsini başa çatdırıb. Bundan sonra bütün ərazilərimiz boyunca, yəni ermənilərin yaşadıqları ərazilərimiz üzərində də suverenliyimizin tam təmin olunması strategiyasını digər amillərlə həyata keçirəcəyik. Biz hər şeydən öncə ermənilərin yaşadıqları ərazilərdə təbii sərvətlərimizin qeyri-qanuni istismar olunmasının qarşısının alınması istiqamətində ciddi fəallıq nümayiş etdiririk. Xatırlatmaq yerinə düşərdi ki, separatçıların əsas maliyyə mənbələri də məhz Azərbaycan xalqına məxsus təbii sərvətlərin cinayət yolu ilə istismarından formalaşıb. Təbii ki, bütün bunların qarşısının alınması istiqamətində ciddi addımlar atırıq. Ekofəallarımız təbii sərvətlərimizin, təbiətimizin qorunması istiqamətində çox mühüm tarixi bir missiyanı yerinə yetiririlər. Eyni zamanda xüsusi vurğulamaq lazımdır ki, bu, həm də milli təhlükəsizlik məsələmizdir. Çünki Azərbaycan ərazisində erməni separatizminin qalması milli təhlükəsizliyimizə ciddi təhdiddir. Onları maliyyə mənbələrindən məhrum etmək təhlükəsizliyin təmini baxımından çox vacibdir. Düşünürəm, Azərbaycanın tələbləri ermənilər üçün, nəhayət, yeganə şans olacaq. Bu, haqlı tələblərdir. Biz ermənilərə təklif edirik ki, Azərbaycan Konstitusiyasına, qanunlarına tabe olaraq Azərbaycan vətəndaşları kimi mövcudluqlarını ərazimizdə davam etdirə bilərlər. Fərqli formada ermənilərin Azərbaycan ərazisində mövcudluğu heç cür mümkün deyil”.

Xəbərlər