Cəmiyyət 21 Aprel 2022, 17:30 | Baxış sayı: 268
"Vaksin pasportunun iyundan etibarən ləğv edilməsi ağlabatan məsələdir".

May ayından etibarən qapalı məkanlarda maska tələbinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə əlaqədar söhbətlər gəzir.

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Cavanşir Paşazadə iyundan etibarən vaksin pasportunun da ləğv edilə biləcəyini deyib:

"Bu gün Azərbaycanda yoluxma sayı çox aşağıdır və demək olar ki, pandemiya yoxdur. Azərbaycan dövləti tərəfindən koronavirusla əlaqədar bütün məsələlərə vaxtında diqqətlə yanaşıldı və yetərli miqdarda vaksin gətirildi. Dövlətin bu işdə tam nəzarətinin olması, insanların qaydalara riayət etməsi yoluxma sayının minimuma enməsi ilə nəticələndi. Ola bilsin ki, mayın 1-də maska məhdudiyyətinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə bağlı qərar qəbul edilsin.

Vaksin pasportlarının ləğvi Azərbaycanda da həyata keçirilməlidir. Artıq ölkədə karantin qaydalarının yumşaldılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu baxımdan vaksin pasportunun da iyundan etibarən ləğv edilməsi ağlabatan məsələdir. Avropa bu pasportun ləğvi ilə bağlı qərar qəbul etdikdən sonra bizdə də belə bir sənədə gərək qalmayacaq”.

Xəbərlər