Siyasət 27 Aprel 2023, 15:04 | Baxış sayı: 153
"Vahid Əhmədovun müsahibəsində deputatlara daha çox təsir edən bu oldu ki..."

“Bunu gənc, təcrübəsi olmayan hansısa deputat, ya başqa biri desəydi, bəlkə də, qəbul olunmasa da, düşünmək olardı ki, fikirdir, dedi. Amma belə təcrübəli insanın bu formada fikirlərini ifadə etməsi... Vahid müəllim 30 ildən çoxdur, Azərbaycanın ən yüksək isteblişmentinin üzvüdür. Onun hər sözü minlərlə insana təsir edir. Bu, qaçılmazdır. Buna görə də, o, belə fikir ifadə edəndə istər daxildəki, istər xaricdəki insanlar düzgün başa düşməyəcəklər. Kimsə bizi istəyirsə, beş qat ondan çoxu istəmir. Qısqanclıq hisləri var. Azərbaycana qarşı nifrət var. Ermənistan lobbisinə, düşmən isteblişmentə, qüvvələrə niyə özümüzə qarşı silah verək? Söhbət bundan gedir. Bu cür təcrübəli, zehinli, beyinli insan, gərək, belə ritorika ilə danışmayaydı. İntizam Komissiyasında bu işə baxılacaq. Ona görə də gəlin, tələsməyək, məsələni belə şişirtməyək. Milli Məclisə nəticələr məruzə olunacaq. Hamımız biləcəyik. Debatdır, diskussiyadır, fikir ayrılığıdır, plüralizmdir - bunlar da var. Amma təcrübə, yaş, siyasi çəki... Və kiminlə? Bloger Mehman Hüseynovla bu formada danışmaq və bu blogerə istənilən tərzdə söhbət aparmasına imkan yaratmaq... Bax, bu, ağlabatan deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat vurğulayıb ki, Konstitusiyaya görə, istənilən insan, o cümlədən millət vəkili istənilən jurnalistin, bloqerin istənilən yerdə istənilən suallarına cavab verə bilər:  “Bunu heç kim şəkk-şübhə altına almır. Mən də parlamentin zalında oturmuşdum. Deputatlara daha çox təsir edən bu oldu ki, Vahid Əhmədov Azərbaycanda gedən qlobal müsbət proseslərdən bir o qədər də danışmayıb, hansısa problemlərdən, inflyasiya, insanların həyat tərzindən danışıb. Təbii ki, hamımız çox gözəl başa düşürük, inflyasiya nəticəsində yaranan insanların sosial rifah problemlərinin kökü də, bunun gedişatı da, faktlar da bəllidir. İnflyasiya bütün dünyada gedir. Bir ölkə deyə bilməz ki, mənə pandemiya, gedən müharibə, post-pandemiya iqtisadiyyatının zəif inkişafı, inflyasiya təsir etmədi. Belə ölkə yoxdur, ola da bilməz. Ümumilikdə, Azərbaycanda inkişaf var. Azərbaycan bu regionda iki qitə arasında yeganə adadır ki, burada həm sakitlik, həm inkişaf hökm sürür, həm uğurlu beynəlxalq siyasət həyata keçirilir, həm də 30 illik Qarabağ problemimiz öz həllini tapıb. Bütün bunların fonunda, əlbəttə, müəyyən problemlər də var və bu problemlərlə dövlət mübarizə aparır, çalışır ki, problemlər həll olunsun. Amma Vahid Əhmədovun bunu elə formada qabartmağı və kölgə atması düzgün deyildi. Türkiyə ilə münasibəti Fransa, İran, Rusiya və başqa dövlətlərlə eyni səviyyəyə qoymaq... Türkiyə qardaş dövlətdir. Türkiyə ilə bir millət, iki dövlətik. Hamımız - dünyada yaşayan bütün azərbaycanlılar hiss etdi ki, ən ağır saatlarda Türkiyə xalqı, Türkiyə Prezidenti, Türkiyə Cümhuriyyəti bizdən tərəf oldu, bizi dəstəklədi, qardaş münasibəti bəslədi. Deputatlara bu da təsir etdi...”

Xəbərlər