Siyasət 26 Noyabr 2023, 1:17 | Baxış sayı: 106
“USAID bilməlidir ki, Azərbaycan cəmiyyəti monolitdir, ölkədə xalq-iqtidar birliyi var”

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı fəaliyyəti öz məntiqi ilə fərqlənirdi. Daha geniş baxsaq, bu təşkilatın yalnız Azərbaycanda yox, hətta dünyanın bir çox yerlərində fəaliyyətinə qadağa qoyulub. Bu yaxınlarda Gürcüstanda baş verən hadisələr və USAID-nin nümayəndələrinin Gürcüstandan çıxarılması faktı da ortadadır. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirir, faktlar üzə çıxır ki, USAID-nin nümayəndələri gənclərlə görüşlər təşkil ediblər. Görüşlərin əsas məqsədi isə piketlər keçirməklə, şəhərin mərkəzində çadırlar qurmaqla, destruktiv mövqeli insanları bir araya toplamaqla Gürcüstanda qarışıqlıq yaratmaqdır. Buna görə də Gürcüstan hakimiyyəti konkret əməliyyat həyata keçirdi və USAID nümayəndələri qısa vaxtda Gürcüstandan çıxıb getdilər...”

 

Bu sözləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, zaman-zaman Azərbaycanda da USAID-nin maliyyəsi ilə fəaliyyət göstərən fərdlər, təşkilatlar mövcud olub: “Toplum TV, Abzas Media kimi media orqanlarının, xaricdə Azərbaycan əleyhinə çalışanların maliyyələşdirilməsi faktları da mövcuddur. Bu təşkilat BMT-nin adında olsa da, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi adlanır. Maliyyə qaynağı da sırf ABŞ-dir. Belə olan halda, təbii ki, maliyyə verən tərəf təşkilat qarşısında konkret məqsədlər qoyur. Bu məqsədlər də müxtəlif ölkələrdə arzuolunmayan cərəyanları, təşkilatları stimullaşdırmağa, onları maliyyələşdirərək cəmiyyətdə müxtəlif çaxnaşma yaradacaq tədbirlər həyata keçirməyə xidmət edir. Beləliklə, məqsədləri həmin dövlətlərdə hakimiyyətə alternativ fikirlər söyləmək cəhdləri göstərərək ümumi stabil cəmiyyətlərdə destablizasiya yaratmaqdır. Bu cür cəhdlər zaman-zaman Azərbaycanda da olub. Lakin Azərbaycan hüquq-mühafizə orqanları bu sahədə geniş və çevik fəaliyyət göstəriblər. Hətta preventiv işlərin görülməsi ilə bir çox hədələrin qarşısı alınıb. USAID bilməlidir ki, Azərbaycan cəmiyyəti monolitdir, ölkədə xalq-iqtidar birliyi var, Azərbaycan cəmiyyəti artıq nəyin yaxşı, nəyin pis olduğunu çox yaxşı bilir. Çünki bu cəmiyyət 1990-cı illərdə yaşayıb, ölkədə nələrin baş verdiyini öz gözü ilə görüb. İndiki situasiyada Azərbaycan dünyada ən qürurlu, qüdrətli xalq və dövlətlərdən biridir. Təbii ki, bunu yaşamağımızın təməlində ölkə Prezidentinin xalqla bir olması, xalqın onu dəstəkləməsi, yanında olması dayanır. USAID kimi təşkilatlar öz məqsədlərinə çata bilməzlər. USAID-nin başında duran Samanta Pouerin erməni lobbisinin təsiri altında olan biri kimi xarakterizə olunması dediklərimizə bariz nümunədir. Belə olan təqdirdə, bu təşkilat heç vaxt Azərbaycanda rasional addım atmaz, cəmiyyətin sağlamlaşması üçün işlər görməz, çünki Pouerin özü ermənipərəstdir. O, heç vaxt erməniləri qoyub, Azərbaycan üçün müsbət işlər görə bilməz. Təbii ki, müvafiq orqanlar işləyirlər. Hər şey nəzarət altındadır. USAID-nin qanundankənar fəaliyyəti, bu təşkilatın əli ilə hər hansı media orqanının, QHT-nin və s. maliyyələşməsi baş veribsə, yaxud konkret faktlar ortaya çıxacaqsa, bundan sonra müvafiq qərarlar verilə bilər”.

pravda.az

Xəbərlər