Cəmiyyət, Siyasət 4 Mart 2022, 12:59 | Baxış sayı: 201
"Ukrayna yeni bir Suriyadır, uzun illər bu ölkənin xarabalıqlarını, savaş aurasını təmizləmək mümkün olmayacaq."

“Bunun adı müharibədir. Eyni zamanda açıq-aşkar hərbi-siyasi avantüradır. Vaxtilə Dümanın “Üç muşketyor” əsərindən tanıdığımız böyük dövlət adamı kardinal Rişelye dövlətə qarşı çıxan üsyançıların ələ keçirilmiş liderinin: "Biz yaşamaq istəyirik!" çağırışına soyuqqanlı belə bir cavab vermişdi: "Mən buna zərurət görmürəm". Təqribən Rusiya-Ukrayna məsələsində də belə bir şey baş verib. Ukrayna: "Mən müstəqil yaşamaq istəyirəm" deyir, Rusiya da: "Mən buna zərurət görmürəm" cavabını verir. Müstəqil dövlətin Krım, Donbas və Luqansk kimi bölgələrini işğal edir, ardınca da tələb qoyur ki, dövlət atributlarından və hədəflərindən imtina et. Sonda da hansısa ciddi hüquqi, siyasi əsaslandırma olmadan birbaşa müstəqil dövlətə hücum edir, onun paytaxtına yönəlib qanuni yolla seçilmiş prezidentini devirmək istəyir. Bütün dünya qarşısına dikilir, Putinin inadı davam edir və arasıra da nüvə silahını dünyaya xatırladır. Burada ümidverici məsələ odur ki, illərdir rəsmi Ukraynanı qaza gətirən ABŞ və AB başda olmaqla dünyanın əksər dövlətləri heç olmazda indi bu işğalla barışmadıqlarını ifadə edərək Ukrayna xalqına hərbi, siyasi dəstək verməklə yanaşı həm də Rusiyanı ən sərt sanksiyalar yolu ilə çökdürməkdə həmrəylik göstərirlər. Bu cür ssenaridə əlbəttə müstəqilliyini hər şeydən uca tutan xalqlar ukraynalıların apardığı qəhrəmanlıq savaşına dəstək verir, onlara maddi və mənəvi yardım göstərməyə çalışırlar. Biz də bir vətəndaş olaraq müstəqillik uğrunda ölüm-dirim savaşı verən Ukrayna xalqının yanındayıq, dəstəkləyirik və işğala son qoyulmasını tələb edirik. Bu məsələnin hamımıza aydın olan tərəfi. Digər bir aydın məsələ var ki, həm Ukraynanın xarabazara çevrilməsinin, həm də Rusiyanın iqtisadi cəhətdən çöküşünün birbaşa bizim xalqımıza, yəni azərbaycanlılara da çox ciddi, həm də fəlakətli zərəri olmaqdadır və olacaq. Hər iki dövlətin ərazisindən yüz minlərlə azərbaycanlı sərmayə qoyub, çalışır, Azərbaycandakı yaxınlarının da dolanışığı onlardan asılıdır və bu minvalla onların iqtisadi çöküşü yüz minlərlə azərbaycanlının maddi və mənəvi cəhətdən çöküşü deməkdir”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

Deputatın sözlərinə görə, bu, bu həm də hər iki ölkədə normal yaşam standartlarını itirmiş soydaşlarımızın qaçqın durumunda ölkəmizə geri qayıdışı deməkdir: “Söhbət həm də yüzminlərdən gedir. Bu da sosial gərginliyin yeni dalğası deməkdir. Belə bir gerçəkliyə baxışda da cəmiyyətimizdə bir ziddiyyət olmasın gərək. Gələk Ukrayna üzərindən qabardılan vətənpərvərlik məsələsinə.  Azərbaycanı sevən, onun müstəqilliyini qorumağa hazır hər kəs Ukrayna məsələsində gələcəkdə baş verə biləcək işğalın simptomlarını görərək aktiv şəkildə işğalçılığa qarşı nifrətlərini ortaya qoyurlar. Əla. Bəyənilsin. Diqqət etsəniz görərsiniz ki, bu səmimi vətənpərvərlər Ukraynada baş verən vəhşiliyə, humanitar fəlakətə, insan qətliamına etirazlarını, eyni zamanda  Ukrayna ordusunun və xalqının əzmkarlığına da rəğbətlərini ortaya qoyurlar. Bir qisim azərbaycanlı da orada Ukrayna vətəndaşı kimi döyüşür.  Bunu yazılardan, çıxışlardan, paylaşımlardan da görmək mümkündür. Bu səmimi vətənpərvər insanlar Ukraynadan danışırlar, həm də bir dövlət olaraq Azərbaycanın davranışlarını da pis niyyətlə müzakirə etmədən anlayışla qarşıladıqlarını ifadə edirlər. Çünki onlar üçün bütün məsələlərə baxış Azərbaycan və onun ali maraqları üzərindən gerçəkləşir. İndi də nəzər salaq bir qrup dələduz vətənşüvənlərə. Bunların içində siyasi partiya rəhbərləri də, blogerlər də, başqa ölkələrin əlində muzdlu xidmətçiyə çevrilən şəxslər də var. Ukraynadan danışan kimi başlayırlar ikinci-üçüncü abzasdan sonra “Azərbaycanla müqayisə aparmağa. Azərbaycan niyə açıq dəstək vermir, niyə BMT-də səsverməyə qatılmadı, niyə Rusiyanın qorxusundan işğaldan danışmır, niyə orada bu deputat döyüşdə öldü, bizdə ölmədi, niyə Ukraynada olan demokratiya bizdə yoxdur?” kimi bir sürü sualları insanları çaşdırmaq üçün sosial şəbəkədə tirajlayırlar. Bu barədə, əlbəttə, hərkəsin fərqli fikri ola bilər, ancaq Ukrayna üzərindən Azərbaycan faciəsini arzulayanların bu cür təhlilləri dələduzluqdan, satqınlıqdan və ən yaxşı halda məsuliyyətsizlikdən başqa bir şey deyil. Həm də bunu o vaxt söyləyirlər ki, Ukrayna prezidenti Zelenski öz çıxışında Türkiyə və Azərbaycana verdiyi dəstəyə görə ayrıca təşəkkürünü bildirir. Unutmayın, Ukrayna xalqı və prezidenti Qərb ölkələrinin böyük dəstəyi ilə əsl qəhrəmanlıq tarixi yazır. Ancaq onu da unutmayın ki, artıq Ukrayna yeni bir Suriyadır, uzun illər bu ölkənin xarabalıqlarını, savaş aurasını təmizləmək mümkün olmayacaq. Çünki sanksiyalardan yorğun düşsə də dərisi hələ də dünyaya ağır yük olan bir Rusiya qalacaqdır. Pulu gedən Qərb ölkələridir, ancaq həm canı, həm pulu, həm də ərazisi gedən Ukrayna dövlətidir, onun hər cür hörmətə layiq didərgin xalqıdır. Elə isə bütün müqayisələri buradan başlamağı tövsiyə edirəm. Rusiyanın böyüklüyünü aldırmadan Qərb ailəsinin hamısı onu işğalçı olaraq tanıdılar. Bəs 30 il Azərbaycan torpaqlarını Rusiyanın yardımı ilə işğal etmiş bapbalaca Ermənistanı necə, bu ölkələrdən hansısa işğalçı kimi tanıdımı? Dağlıq Qarabağa ayrıca pullar ayıran kimlər idi? Xaricdə separatçıları təmtəraqla qəbul edənlər hansı dövlətlər idi? Ermənistana işğalçı dövlət kimi sanksiya tətbiq etməyi heç düşünən oldumu? Demək ki, siz axmaqlar hələ də düşünürsünüz ki, iki işğala fərqli prizmadan yanaşanların zövqünü oxşamaq üçün biz öz maraqlarımaza uyğun gəlməyən addımları atmalıydıq? Zelenskini ABŞ Konqresində alqışladılar, Avropa Parlamentində alqışladılar, Fransa Parlamentində alqışladılar! “Kaş ki bizi də alqışlayardılar” deyirsiniz hə? Bəli, Ukraynanı yem edəndən sonra, xaraba qoyandan sonra, bir milyondan artıq insan didərgin düşəndən sonra alqışladılar. İndi sizə Azərbaycanın sabitliyi lazımdır, yoxsa alqış? İşğalçıya qarşı biz də 44 gün savaşdıq, o alqışlayanlardan hansısa bunu işğala qarşı bir savaş olaraq vurğuladımı? İndi sizə xarabalıq üzərində görünən və alqışlanan demokratiya lazımdır, yoxsa ölkəni savaşa soxmadan sabit, təhlükəsiz vəziyyətdə yaşatmaq? Prezident İlham Əliyev deyil, sizsiniz, mənəm, başqasıdır. İlk vəzifəniz və ya vəzifəmiz nə olacaq: necə edək ki, ölkəmiz işğala məruz qalmasın? İndi siz məqsədli şəkildə öz ölkəsinin düşməninə çevrilmiş məxluqlar, hansı addımdan narazısınız? Heç bir bloka girmirik, ABŞ-la da, Avropa Birliyi ilə də münasibətləri normal saxlayırıq. Türkiyə ilə qardaşıq və Şuşa Bəyannaməsini imzalamışıq. İranla da sabit münasibətlərimiz var. Ermənistanı da addım-addım yola gətirməyə çalışırıq. Rusiya ilə də ən azı sənəd üzərində dostuq, müttəfiqik və ən başlıcası da düşmən deyilik. İndi NATO-nun baş edə bilmədiyi bir ölkə ilə hansı formada danışmağımızı təklif edirsiniz? Üstəlik də Ukraynanın işğalını tanımırıq, dost ölkəyik və savaşda da humanitar yardım göstəririk. Bir dövlət başçısının əsas vəzifəsi öz ərazisində savaşa zəmin yaratmamaqdır, indi siz işğal hədələrinin bizə yönəlməsi mazoxizmini yaşamaq istəyirsinizsə, bəlkə gedib ağlınıza dua yazdırasınız. Qarabağı yenicə işğaldan azad etmişik, Türkiyə ilə hərbi müttəfiqliyin zirvəsindəyik, indi nə istəyirsiniz, Ukraynanı buraxıb bizimlə savaşın deməliyik? Adamı incidən budur ki, həmin məsuliyyətsizlər, həmin saxtakarlar  Türkiyənin tutduğu ağıllı mövqedən də narazıdırlar. Maraqlıdır ki, bunların narazı olduğu mövqedən məhz Ukrayna razıdır. O halda bəlkə gedib Ukraynadan soruşasınız ki, niyə razı qalmısınız? Rusiyanın israrlı tələblərinə rağmən “Bayraqdar”ı Ukraynaya verən Türkiyə bu gün də Azərbaycanla birlikdə qaçqın düşən ukraynalılara ən yüksək səviyyədə humanitar yardımını göstərir. Digər tərəfdən Rusiya ilə də münasibətini pozmur. Məgər doğru etmir? ABŞ NATO ölkəsi olan Türkiyəni çökdürmək üçün illərdir PKK-nı, YPQ-ni silahlandırır, öz maşaları vasitəsi ilə dövlət çevrilişi etməyi stimullaşdırır, Avropa Birliyi 20 ildir Türkiyəni öz tərkibinə almaq istəmir, o halda nə etsin Türkiyə? Ayrı-ayrı parlamentlərdə alqışlarsınlar deyə, saxta təriflər yağdırsınlar deyə öz təhlükəsizliyi riskə qoysun? Gedib ona arxa çevirmiş ABŞ və ya Avropa Birliyi üçün savaşsın? Hələ məsələnin mahiyyətini anlamadan son Ukrayna savaşını Qarabağ savaşı ilə də müqayisə edirlər. Anlamırlar ki, son Qarabağ savaşı orduların savaşı idi, xalq kənardan orduya maddi və mənəvi dəstək verirdi. Orduya çağrılanlar və ya peşəkar hərbçilər bu savaşın əsas iştirakçıları idi. Ukrayna savaşı ordularla yanaşı həm də xalqın birbaşa iştirak etdiyi savaşdır. Burada Rusiya ordusu şəhərləri dağıdır, evləri xaraba qoyur və hər bir məntəqənin sakini həm də bir müqavimət hərakatının iştirakçısına çevrilir. Ona görə də ölkənin keçmiş prezidentindən tutmuş deputatına qədər hamı ölkənin müdadfiəsi üçün silaha sarılmış. İndi əmin ola bilərsiniz ki, Allah göstərməmiş, əgər Gəncəyə, Bakıya düşmən hücumu olsaydı, o halda bütün azərbaycanlılar ən yüksək səviyyədə səfərbər olub öz torpaqlarını qoruyacaqdı: həkimi də, müəllimi də, deputatı da, təqaüdçüsü də...  İnsan duyğularını ən dərin incəliklərinə qədər anlayıram. Ancaq bu duyğuların da yaşanması üçün başımızın üstündə dövlət durmalıdır. Həm də salamat, təhlükəsiz şəkildə durmalıdır. Xüsusilə də qaçqınlığın, köçkünlüyün  nə olduğunu hamıdan yaxşı bilən bir toplum üçün duyğularını məsuliyyətdən önə çıxarmaq bağışlanmaz bir cinayətdir.  İndi milyonlarla qaçqın və köçkün düşən, insanlıq faciəsi yaşayan, ümidləri puç olan  ukraynalının gözü ilə prosesə baxmağa çalışın və o halda öz dövlətinizin ayağı duran yerə gəlib başınızı qoyacaqsınız!”

Xəbərlər