Ümumi 19 Aprel 2023, 14:09 | Baxış sayı: 216
“Üç kilo buğdanın qiyməti nə qədər edirsə, fitrəni belə hesablaya bilərlər...”

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Fətvasına görə, Ramazan bayramından əvvəl adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Müzakirələr zamanı fitrənin ərzaqla verildiyini deyənlər də var. Ümumiyyətlə, fitrə zəkatının qiyməti necə müəyyən edirlər? İslamda fitrə zəkatı pulla, yoxsa ərzaqla verilməlidir?

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, İslam dininə görə, fitrə zəkatı 3 kiloqram düyü, xurma, buğda kimi ərzaq məhsullarından verilə bilər.

 

“Vətəndaşlarımız düstur olaraq bunu əsas götürsünlər. 3 kiloqram buğdanın, düyünün, xurmanın məbləği nə qədər edir? Bundan çıxış edərək insanlarımız fitrə zəkatını verə bilərlər. Buğdanın kilosu 2 manatdırsa, 3 kiloqramı 6 manat edəcək. Yaxud xurmanın ən ucuzu 5-6 manatdır, ən bahalısı 20 manat. Kimin imkanı daha genişdirsə, maliyyə vəsaiti daha çox imkan verirsə, onlar fitrəni düyü, yaxud xurma ilə əvəz edə bilərlər. Çünki xurma və düyünün qiyməti bahadır. Bu insanlar daha çox vəsait xərclədiklərinə görə daha böyük savabı qazanmış ola bilərlər. Vətəndaşlarımız narahat olmasınlar. Qafqaz Müsəlmanları İdarəsi 10-15 manat fitrə zəkatı tövsiyə edib. Ola bilər, elə ailələr var ki, adambaşına 10-15 manat fitrə zəkatı vermək onlara çətin olsun. Onda 3 kilo buğdanın qiyməti nə qədər edirsə, fitrəni belə hesablaya bilərlər. Hesab edirəm, ən doğru düstur, qayda budur. QMİ ortalama qiymət götürərək vətəndaşlarımıza tövsiyə edib. Amma nə qədər çox məbləğdə sədəqə versəniz, daha çox savab qazanmış olarsınız. Fitrəni ətrafınızdakı imkansız insanlara verə bilərsiniz. Dinimizdə konkret qayda budur”, - deputat bildirib.

 

C.Məmmədovun sözlərinə görə, fitrə zəkatının pul, yoxsa ərzaqla verilməsi məsələsinə müxtəlif yanaşmalar var: “Bəziləri israrla qeyd edirlər ki, fitrə mütləq ərzaqla verilməlidir. Amma müasir dövrdə insanların maddi vəsaitə daha çox ehtiyacı olduğuna görə bir sıra alimlər təklif edirlər ki, fitrə zəkatı pulla verilə bilər. Mən də pulla verilməsini məqsədəuyğun hesab edirəm. Məsələn, 3 kilo buğdanı, xurmanı, düyünü alıb hərəsini ayrı-ayrı adamlara verdiniz. Amma bu adamın başqa ərzağa - yağ, ət və s. ehtiyacı ola bilər. Hamı bir-birinə buğda, düyü, xurma versin? Bu, İslamın məqsədinə xidmət etmir. Düşünürəm, kimin nə deməsindən asılı olamyaraq insanlarımız birmənalı şəkildə pulla da fitrə zəkatı verə bilərlər. Heç bir vətəndaşımız bu məsələyə görə narahat olmasın. Bunu da nəzərə almaq lazımdır ki, fitrə zəkatı bayram namazı qılınana kimi verilməlidir. Bayram günü artıq səhər saat 08:00-a kimi fitrə zəkatını verməlisiniz”.

Xəbərlər