"Uber və "Bolt" sürücüləri istismar edir,
Milli Məclisin deputatı Müşfiq Cəfərov "Uber və "Bolt" taksi şirkətlərindən danışıb. O deyib ki, Bu şirkətlər sürücüləri istismar edir, bazarda qiymətləri süni şəkildə ucuzlaşdırıb, bütün müştəriləri cəlb edirlər.
Deputat bildirib ki, “Uber”ə və “Bolt”a görə bu sahədə fəaliyyət göstərən bir çox yerli şirkət işini dayandıraraq tənəzzülə uğrayıb: “Onların təqdim etdiyi belə keyfiyyətsiz və ucuz taksi xidməti dünyanın heç yerində yoxdur. Bu şirkətlər sürücüləri istismar edir, bazarda qiymətləri süni şəkildə ucuzlaşdırıb, bütün müştəriləri cəlb edirlər. Bu mövcud problemin həll yollarından biri yeni və keyfiyyətli taksi şirkətlərinin bazara daxil olmasını təmin etməkdir. Bu sahədə yerli şirkətlərin sıxışdırılmasına qarşıyam. Məsələn, müqayisə etdikdə Türkiyədə taksi bazarında yerli şirkətlərin mövqeyi olduqca güclüdür. Məni narahat edən məsələlərdən biri də bu şirkətlərə məxsus qeydiyyatsız taksilərin fəaliyyətidir. Bəzi hallarda, hətta nə qədər qanuna zidd olsa belə, onlar qonşu Gürcüstanda qeydiyyatdan keçmiş avtomobilləri öz şirkətlərində qeydiyyatdan keçirirlər. Bazarda yanacağın, ərzaq və ehtiyat hissələri qiymətlərinin bahalaşması, taksi xidmətinin isə get-gedə ucuzlaşdığı da diqqətdən qaçmır. Qiymətlərin ucuz olmasından müştərilər razı qalsa da, bu ucuzluq, taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyini aşağı endirir. Sürücülər də gündəlik qazancını normal saxlamaq üçün çox sifariş qəbul edir. Nəticədə onlarda yaranan fiziki yorğunluq qəzalara gətirib çıxarır. Ümumiyyətlə, taksi şirkətləri qarşısında ilk növbədə onların sürücülərə təqdim etdikləri müştərilərə görə aldıqları komissiya faizini azaltmaları ilə bağlı tələb qoyulmalıdır. Belə ki, şirkət sürücüyə müştəri təqdim etmək qarşılığında onun qazancının 20 faizini tələb edir. Eyni şirkət başqa ölkələrdə Azərbaycandakından daha aşağı faiz alır. Məsələn, Ukraynada bu 10 faiz təşkil edir”.
Deputat əlavə edib ki, bu şirkətlər bazarda haqsız rəqabət apararaq digər şirkətləri, xüsusilə də yerli şirkətləri bazardan sıxışdırıb çıxarırlar: “Azərbaycanda fəaliyyət göstərən “Bolt” və “Uber” taksi şirkətlərinin rəqabət qaydalarını pozduğunu demək olar. Statistikaya nəzər salsaq, bunu açıq şəkildə görə bilərik. Bu xarici taksi şirkətlərinin qiymət tənzimləməsi mövcud bazarda inhisarçılıq yaradır. Bununla bağlı əvvəl də çıxış etmişdim və qeyd etmişdim ki, onlar bazarda haqsız rəqabət apararaq digər şirkətləri, xüsusilə də yerli şirkətləri bazardan sıxışdırıb çıxarırlar”.
Mənbə: Pravda.az