Cəmiyyət 6 İyun 2023, 16:07 | Baxış sayı: 173
““Uber”, “Bolt” və digər taksi şirkətləri barədə kifayət qədər şikayətlər daxil olur...”

“Ölkəmizdə son zamanlar taksi xidmətləri ilə bağlı kifayət qədər problemlər olduğu göz qabağındadır. Əslində, taksi şirkətlərinin sayının çox olması müsbət haldır. Rəqabət baxımından şirkətlər qiymət siyasətində yumşalmalara gedirlər. İnsanlar ciblərinə uyğun taksi şirkəti ilə gediş-gəlişlərini təmin edə bilirlər. Bütün bunlarla yanaşı, problemlərin çoxaldığının da fərqindəyik. Daxili İşlər Naziriliyinə, digər aidiyyatı orqanlara “Uber”, “Bolt” və onlarla paralel işləyən başqa taksi şirkətləri barədə kifayət qədər şikayətlər daxil olması barədə məlumatlar eşidirik. Eyni zamanda bizə də müraciətlər olur. Həm avtomobillərdə problemlər olması, həm də sürücülər haqqında şikayətlər çoxluq təşkil edir. Etik davranış qaydaları, sürücülük mədəniyyəti, sürücülərin fiziki, psixoloji durumları ilə bağlı narazılıqlar var. Bunların hər biri vacib məsələlərdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

“Əvvəla, taksi sürücüləri daşıma xidməti göstərirlər. Hər birimizin övladları, ailə üzvləri, dostları ümumi xalqımızın nümayəndələridir. Buna görə də sürücülərin sağlıq durumları, psixoloji vəziyyətləri yoxlanılmalıdır. Minimum etik davranış qaydalarına riayət etmələri də həmçinin. Təbii ki, bunu bütün sürücülərə şamil etmək olmaz, amma faiz nisbəti ilə belə şikayətlər çoxdur”, - deputat bildirib.

 

V.İskəndərov deyib ki, sadaladığı problemlərlə bərabər taksi xidməti göstərən avtomobillərin texniki səviyyəsi də aşağıdır: “Həm şəhərimizin görünüşünə problem yaradırlar, həm də ucuz və köhnə avtomobillər ekoloji cəhətdən ziyanlıdırlar. Nasaz olduqları üçün sərnişindaşımada problemlər yaranır. Bütün bu məsələlərə kompleks şəkildə baxılmalıdır. Daha modern şirkətlər yeni növ avtomobillərin ölkəmizə gətirilməsini təmin etməlidirlər. Bu, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının xarici görünüşünə də gözəllik qatar. Yekun nəticəyə gəlmək olar ki, taksi xidməti sektorunda boşluqlar var. Bu sahə ilə bağlı məsələlər mütləq qaydaya salınmalıdır. Qanunlar mövcud olmalıdır. Yalnız bundan sonra yüksək səviyyəli taksi xidmətindən danışa bilərik”.

Xəbərlər