Cəmiyyət, Siyasət 28 Sentyabr 2021, 15:55 | Baxış sayı: 142
"Türkiyə nümayəndə heyəti ilə birgə formada qətnamənin əleyhinə səs verdik, çünki qətnamədə əsassız iddialar da var.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov dünən Anım günündə AŞPA-da qəbul edilən “Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnamə ilə bağlı əsas məqamları açıqlayıb.

Modern.az-ın məlumatına görə, deputat bildirib ki, AŞPA-nın bundan əvvəlki sənədləri ilə müqayisədə ilk dəfə olaraq 1-ci Qarabağ müharibəsində Azərbaycan tərəfindən itkin düşmüş şəxslərin dəqiq sayı göstərilir.

Onun sözlərinə görə, AŞPA-da müəyyən qüvvələr 3 tərəfli bəyanata qısqanclıqla yanaşırdı, hansısa formada ATƏT-in Minsk qrupunu diriltməyə çalışırdılar:

"Lakin, qətnamədə 3 tərəfli bəyanat birbaşa istinad var, eyni zamanda bu bəyanatın münaqişənin humanitar nəticələri ilə yanaşı digər məsələri də ehtiva etdiyi göstərilir. 30 illik sülh danışıqlarının nəticəsiz olduğunu və müharibənin baş verdiyi qeyd edilir. Qətnamədə xüsusilə münaqişə zonasından kənar yerlərə (Gəncə və Bərdə) edilən hücumlar nəticəsində Azərbaycan tərəfindən 548 mülki şəxsin həlak olması qeyd edilir. Ermənistan tərəfindən basdırılmış minalar nəticəsində 158 azərbaycanlının həlak olması, təqdim edilən mina xəritələrinin dəqiq olmaması və Ermənistandan bütün mina xəritələrinin dərhal verməsi qeyd edilir.

Birinci Qarabağ müharibəsində 650 min Azərbaycanlının, 2-ci Qarabağ müharibəsində isə Azərbaycan tərəfindən 86 min şəxsin məcburi köçkün düşməsi qeyd olunur. Ağdam və Füzuli şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdılması və məhv olunması göstərilir. Azərbaycanda ağıllı şəhər layihələrin icrası müsbət qarşılanır. Buna baxmayaraq, Türkiyə nümayəndə heyəti ilə birgə formada qətnamənin əleyhinə səs verdik, çünki qətnamədə əsassız iddialar da var. Bu barədə növbəti dəfə qeyd edəcəyəm", - deyə K.Cəfərov qeyd edib.

Paylaşın

Xəbərlər