Siyasət 10 Aprel 2023, 12:54 | Baxış sayı: 175
"Türkiyə artıq qlobal siyasətdə söz sahibinə çevrilib"

“Bu gün Türkiyə dünya siyasətinin tam mərkəzində dayanır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, uzun illər Qərb və digər dövlətlər tərəfindən qəbul edilməyən qardaş ölkə son 20 ildə, demək olar ki, artıq qlobal siyasətdə söz sahibinə çevrilib: “Təbii ki, bugünkü güclü dünyanın hesablaşdığı bu nüfuz birdən-birə öz-özünə təşəkkül tapmadı. Azərbaycan və Türkiyənin bu sahədə oxşar taleləri olduğunu desək, yanılmarıq. Cənubi Qafqazda lider dövlət olmaq da bizim üçün heç də asan olmadı. Bu işin arxasında uzun illərə söykənən gərgin və uzaqgörən siyasət var. Türkiyənin inkişafı da təkcə Azərbaycan və türk xalqı üçün deyil, bütün türk dünyası üçün olduqca vacibdir”.

Müşfiq Cəfərov qeyd edib ki, hazırda Türkiyə qlobal siyasətdə elə bir qütbdə dayanıb ki, onu əvəz edə biləcək dövlət yoxdur: “Məsələn, Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra kəsilən taxıl ixracatının yenidən başlanmasına dair razılaşması milyonlarla insanı aclığa məruz qoyan və qlobal qiymətlərin artmasına səbəb olan taxıl qıtlığını azalda bildi. Türkiyə Cümhuriyyəti yerləşdiyi yerə və dünya siyasətindəki fəal roluna görə, dünyada ən geniş diplomatik şəbəkəyə malik olan ölkələrdən biridir. Türkiyə 2000-ci illərdən etibarən, Balkanlarda və Yaxın Şərqdə regional gücə çevrildi. Deyə bilərik ki, qardaş ölkə xarici siyasəti sayəsində dünyada nüfuz sahib olmaqla yanaşı, İslam dünyasında, Yaxın Şərqdə, türk dövlətləri arasında və Afrikada görünən təsirə malikdir”.

Deputat vurğulayıb ki, son 20 ildə parlaq və daim inkişaf edən Türkiyə görürük: “Bu illər ərzində demokratikləşmə, şəffaflıq və korrupsiyanın qarşısının alınması sahəsində böyük nailiyyətlər əldə edilib. Həmçinin qardaş ölkədə çoxsaylı məktəblər, yollar, xəstəxanalar, elektrik stansiyaları istifadəyə verilib. İnşallah, Prezident Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, Türkiyə 1 il ərzində dağıdıcı zəlzələnin nəticələrini də ortadan qaldıracaq, zəlzələ bölgəsindəki şəhərlər, kəndlər yenidən qurulacaq, evsiz qalan insanlar evlərlə təmin olunacaq”

Xəbərlər