Cəmiyyət 8 Sentyabr 2023, 10:08 | Baxış sayı: 129
"Türk xalqı, rəhbərləri, sərkədələri haqqında mənfi fikir söyləmək nankorluqdur"

“Flora xanım bir sənətçi kimi çox gözəl sənətçidir, tanınır, məşhurdur. Amma onun siyasətə qoşulmasını, tarixi hadisələrə öz dünya görüşü çərçivəsində qiymət verməsini məqbul hesab etmirəm. Bu, birinci dəfə deyil. Bir neçə dəfə müəyyən proseslərdə yanlış mövqe tutub. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan, bilavasitə xalqın mənəviyyatını aşağılayan ifadələr işlədib. Sən xalqın etimadını qazanmısansa, bu xalqın qızısansa, xalqı sevməlisən. Sən türk mənşəlisənsə, türkə böyük ehtiramın olmalıdır. Nuru Paşanın xidməti bütün azərbaycanlılara, Türk Dünyasına məlumdur. Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının analoqu yoxdur. Dünya buna həsəd aparır. Belə bir məqamda türk xalqı, türk rəhbərləri, sərkədələri haqqında mənfi fikir söyləmək nankorluqdur. Azərbaycan xalqına “savadsızlar”, “biveclər” deyib təhqir etmək heç bir çərçivəyə sığmır. Səni Azərbaycan xalqı ucaldıb, Xalq artisti edib. Azərbaycan xalqı sənin normal yaşamağın üçün hər bir təminatı verib. Sən bu dövlətdən, bu xalqdan qidalanmısan, özünü bu xalqın qızı adlandırırsan. Belə aqressiv çıxışlar etmək, özünü hamıdan yuxarı tutmaq yaramır”.

 

Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev Xalq artisti Flora Kərimovanın Nuru Paşa və türk xalqı barədə açıqlamasına münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, tarixi tarixçilər, bu sahədə səriştəsi, savadı olanlar araşdırıb, keçmişə qiymət verməlidirlər: “Sən müğənnisən, get bu sahə ilə məşğul ol. İndi insanlar var ki, hər şeyə qarışırlar. Cüzi savadı, qabiliyyəti, biliyi olanlar elə yerlərə baş vurub, elə mülahizələr söyləyirlər ki, insanlar çaşbaş qalır. Bu, düzgün yanaşma deyil. Hərə öz sahəsi ilə məşğul olmalı, fikirlərini ifadə edəndə bilməlidir ki, nə danışır və danışdıqları bizə qardaş, doğma olan, hər zaman doğma olacaq türk xalqında hansı reaksiyalar doğura bilər. Flora Kərimovanın dediklərini məqbul saymıram. Flora xanım o ifadələrinə görə Azərbaycan-türk xalqından üzr istəməli, səhvini bildirməlidir. Bu halda Azərbaycan xalqı Flora xanımı yenə sevə bilər”. 

 

T.Rzayev Flora Kərimovanın ““Qurban olduğum paşam” dediyin o insan rus qoşunlarını bura gətirməsəydi, mən bu gün rus dilində danışacaqdım?” fikirlərinə isə belə münasibət bildirib: “Öz dilini, tarixini sevməyən, öz dilinə hörmət qoymayan insan heç vaxt heç bir xalqın dilinə, tarixinə hörmət qoya bilməz. Əgər mən azərbaycanlıyamsa, öz dilimi sevməliyəm. Flora xanım azərbaycanlıdırsa, birinci öz dilində sərbəst danışmalıdır. Bundan sonra səkkiz-on dil bilsin, hamısında bülbül kimi ötsün... “Mən rusca danışıramsa, Nuru Paşaya görədir...” Nuru Paşa məgər səni məcbur edib ki, rusca danışasan? Nuru Paşanın bundan xəbəri var? Nuru Paşa cənnət dünyasına qovuşub. Azərbaycan xalqının qəlbində yaşayır, sənin onun üzərinə ləkə atmağın, uydurma fikirlər söyləməyin yolverilməzdir. Heç ağıllı adam bunu dilinə gətirə bilməz ki, mən rus dilində Nuru Paşaya görə danışıram. Onda kimsə ingiliscə, fransızca danışırsa, desin ki, filankəsə görə danışıram? Əslində, bu, dilə, milli-mənəvi dəyərlərə hörmətsizlikdir. Sən qarşındakı azərbaycanlı ilə rus dilində danışırsansa, fikirlərini hər yerdə rusca ifadə edirsənsə, deməli, sənin öz dilinə hörmətin yoxdur. Sən bu gün Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən, sənətindən, mədəniyyətindən danışırsan, amma xalqınla öz dilində danışmırsan. Deməli, xalqa hörmətsizlik edirsən. Təkrar edirəm, Flora xanım sənətkar kimi çox gözəl sənətkardır. Amma fikirlərində çox ciddi yanlışlıqlar var. Bu, ona uğur, hörmət gətirmir, onu xalqın gözündə ucaltmır. Xalqın gözündə ucalmaq üçün öz dilini sevməli, xalqının uğurlarını qiymətləndirməli, eyni zamanda qardaşlarımız olan türk xalqına, liderlərinə, sərkərdələrinə böyük hörmət qoymalıdır. Nuru Paşa dünyasını dəyişib, gedənin arxasınca belə danışmaq olmaz. Flora xanım tarixçi deyil ki, getsin araşdırsın görsün, Nuru Paşanın xidmətləri nə olub? Nuru Paşanın Azərbaycan üçün etdiklərini yaddan çıxarmaq olmaz. Adamların kiçik səhvini tutub onu tarixdən silmək istəyirik. Hər insanın səhvi ola bilər. Amma bu səhvin dövlət, cəmiyyət, insanlıq üçün ziyanı yoxdursa, bağışlamaq olar. Azərbaycan xalqının əksəriyyəti Nuru Paşanın fəaliyyətinə yüksək qiymət verirsə, Flora xanım da bununla razılaşmalıdır. Yoxsa cılız fikirlər söyləmək belə böyük sənətkara yaraşmaz, vallah”. 

pravda.az

Xəbərlər