Siyasət 24 İyul 2023, 0:17 | Baxış sayı: 160
"Tolstoyun üçtərəfli bəyanatdan da xəbəri yoxdur, Azərbaycan şərtlərini qəbul etdirib"

 

Rusiyanın ali qanunverici orqanının rəhbərlərindən biri, Rusiyanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri, artıq tarixin arxivinə atılmış “Dağlıq Qarabağ münaqişəsi” haqqında kifayət qədər məlumatlı olan Pyotr Tolstoyun son çıxışı Rusiya dövlətinin Azərbaycanla münasibətlərinə xələl gətirir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, bu gün müstəqil və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən artır, beynəlxalq siyasətdə mövqeyi möhkəmlənir: “Təsadüfi deyil ki, Azərbaycan hazırda dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edir, təhlükəsizlik, səhiyyə, enerji, digər sahələrdə bir çox qlobal təşəbbüslər irəli sürür. Əgər Pyotr Tolstoyun dediyi kimi xarici siyasətdə ölkəmiz Rusiyadan asılı olsaydı, bu gün Azərbaycan Rusiyanın qaz sahəsində dünya bazarındakı sarsılan mövqeyini tuta bilməzdi. Avropa qısa müddətdə alternativ mənbələrdən, o cümlədən Azərbaycandan qaz idxalını artırmaqla vəziyyətdən çıxa bildi. Həmçinin görünən odur ki, Tolstoyun üçtərəfli bəyanatdan da xəbəri yoxdur. Bu sənəddə Azərbaycan müstəqil dövlət kimi imzasıyla öz prinsip və şərtlərini tərəflərə qəbul etdirib”.

Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycan çox zaman istər Rusiya, istərsə də digər ölkələrdə ermənipərəst siyasətçilərin hədəfi olub: “Təbii ki, beynəlxalq aləmdə dövlətimizin bu qədər güclənməsi və söz sahibi olmasından narahat olanlar mövcuddur. Biz yolumuza davam edir, daha da güclənib dünyada nüfuzumuzu artırırıq. Bundan narahat olanlara isə sübut və dəlillərlə Azərbaycanın tarixinin zənginliyini, sərhədlərinin genişliyini göstərə bilərik”.

APA

Xəbərlər