Cəmiyyət 6 Dekabr 2021, 16:19 | Baxış sayı: 308
"Tofiq Yaqublu bilməliydi ki, insanları küçələrə icazəsiz yığmaq və mitinq keçirmək olmaz".

“Heç bir insanın döyülməsinin, eyni zamanda vətəndaşların qayda-qanunları pozmasının da tərəfdarı deyiləm. Qanunlar pozulduqda başqaları da azğınlaşır və yolundan çıxır. Tofiq Yaqublu bilməliydi ki, insanları küçələrə icazəsiz yığmaq və mitinq keçirmək olmaz. Belə olan halda, həmin şəxs və küçələrə çıxan digərləri barədə mütləq tədbir görülməlidir. Dövlətin müəyyən qayda-qanunlarının olmasına baxmayaraq, Tofiq Yaqublu deyilənlərə əməl etmir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev Milli Şuranın üzvü Tofiq Yaqublunun döyülməsi ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, şəhidlərin dəfn günündə, üstəlik COVID-19 pandemiyası dövründə vətəndaşları küçələrə yığmaq qətiyyən doğru deyil: “Həmçinin nəzərə almaq lazımdır ki, "Fəvvarələr" meydanına daha çox valideynlər övladları ilə istirahət etmək üçün üz tuturlar. Tutaq ki, Tofiq Yaqublunun çağırış ilə ora təxminən 500 nəfər toplaşdı və iğtişaş yarandı. Həmin adamların arasında, ayaqlarının altında azyaşlılar xəsarət alsaydı, məsuliyyətini kim daşıyacaqdı?! Əlbəttə ki, Tofiq Yaqublu cavab verməyəcək, boyun qaçıracaqdı. Belə olan halda, dövlət məsuliyyət daşıyacaq və üstəlik qınanılacaqdı ki, asayiş niyə qorunmur?! Təkrar edirəm, heç bir kəsin döyülməsinin tərəfdarı deyiləm, amma öz hüquqlarına istinad edən vətəndaş Azərbaycanın qayda və qanunlarını da qorumalıdır. Hazırda onun kim tərəfindən və necə döyüldüyü ilə bağlı iş aparılır. Təbii ki, Tofiq Yaqubluya şiddət göstərənin dövlət orqanı işçisi və ya polis olmasından asılı olmayaraq, həmin şəxsə cəza kəsiləcək. Həmçinin hesab edirəm ki, Tofiq Yaqublunun özünü də intizama dəvət etmək lazımdır. O, indi yalan danışaraq özünə bəraət qazandırır”.

Xəbərlər