“Təmizliyə hökmən məktəbin tualetindən başlamalıyıq”
Təsəllimizə baxın e... Məktəbdə istədiyimiz səviyyədə təhsil olmasa da, heç olmazsa adam kimi istifadəyə yararlı tualet olmalıdır! Hə fərqi var, hər iki söz "t" hərfi ilə başlayır, hər ikisi də 6 hərfdən ibarətdir. Aradakı heca fərqini kompensasiya etmək elə də mürəkkəb məsələ deyil. XXI yüzildir, bir heca fərqini ortadan qaldırmağa istənilən kompüter texnologiyası yardımçı ola bilər.
Etiraf edim ki, 45 il öncə mənim də oxuduğum milli sovet məktəbində tualetin içində çirkabı dəf etmək üçün addım məsafəsində düzülmüş kubik daşların üzərindən adlayaraq münasib yer tapmaq əsl mənada qəhrəmanlıq sayıla bilərdi. Yəni o dövrdə bizim məktəblilərdən ibarət qrup Moskva, Leninqrad və Riqada turist səfərində olmuşdu və fərqli məktəblərin idman zallarında yataq yerimiz təşkil olunmuşdu, xatırlayıram ki, bu məktəblərin tualetlərinin təmizliyi ilə hamımızı təəccübləndirmişdi. Sonradan dəyərli filosofumuz Həsən Quliyevin "Arxetipik azərilər" adlı mükəmməl əsərindəki "Ayaqyolu" bölümünü oxuduqdan sonra bunu milli mentalitetimizin çatışmazlığı kimi anlayaraq təsəlli tapmışdım. Ona görə də məktbələrimizdə bərbad tualet məsələsinə bir az da mentalitetimizdən qaynaqlanan qanunauyğunluq kimi yanaşıram. Burada ani fasilə verib məktəblərimizin qanunauyğunluq sayılmayan başqa məsəsələrinə də bir az diqqət ayıraq. Məktəblərdə uşaqların dram tamaşası göstərməsi üçün səhnəli akt zalı varmı? Məktəbin standartlara uyğun idman zalı varmı? Uşaq vaxtından basketbol, voleybol, həndbol öyrənməyə şərait varmı? Məktəblərdə idman oyunlarından sonra yuyunmağa duş otağı varmı? Bu duş otağında isti su varmı? Məktəbdə uşaqların qaçışmasına uyğun lazımi standartda həyət varmı? Həmin həyətdə futbol oynamağa meydança varmı? Uşaqların məcburi tibbi dispanzerizasiyasının səviyyəsi necədir? Onların tibbi müayinəsini məktəblərdə necə keçirilir? Hələ biologiya, fizika, kimya labaratoriyalarının durumunu demirəm. Yəhudilərin, almanların, hətta ermənilərin yaşadığı məkanlarda dövlətləri olmasa da, həmişə məktəbləri olub. Məktəbi kilsə tikib, camaat quruluşları inşa edib. Bizim kəndlərdə qaranlıq məscidimiz olub, lakin işıqlı məktəbimiz olmayıb. Bizdə Tağıyevin imkanları yaranandan sonra qonşuların tərəqqisinə baxıb müasir tələblərə cavab verən məktəb tikib. Sonra da sovet dövründə, müstəqillik zamanında məktəbi dövlət tikib. İndi də şükürlər olsun ki, istər dövlət, istər də Heydər Əliyev Fondu çox sayda məktəblər tikib. Ancaq tikilən məktəbləri qorumaq, olmayan kəndlərdə yeni məktəbləri tikmək üçün xalqın, cəmiyyətin, ayrı-ayrı imkanlı fərdlərin təşəbbüslərinə həssaslığı artırmaq vacibdir. İnsanları məktəb üçün fədakarlığa təşviq etməliyik. İtirilən vaxt dahi ola biləcək bir uşağın taleyinə dəng gələ bilər. Necə ki, məktbədə keyfiyyətli təhsil alma imkanını itirmiş yüzlərlə istedadlı insanın həyat hekayələrini addımbaşı dinləyirik, oxuyuruq.
Əlbəttə, təmizliyə hökmən məktəbin tualetindən başlamalıyıq. Ancaq unutmamalıyıq ki, məktəbin dəyəri öyrətmən və öyrəncidir, onların nəfəsidir, ruhudur. Məktəbi ayaq yoluna çevirənlər aydınlıq yoluna çevirmək istəyənlərə məğlub olmayınca, alışdığımız həmin iy sinif otaqlarımızdan çəkilməyəcək.