Cəmiyyət 4 Dekabr 2023, 17:57 | Baxış sayı: 153
""TikTok"u açırsan Nəfəsi, Balaəlini görürsən..."

Bəzi televiziya proqramlarımız reytinq xatirinə ailədə olan problemləri efirə çıxarır, müzakirə edir. Biz ailə dəyərlərimizi qorumaq, böyüyə hörmət, qayınana - qayınataya hörmət məsələlərinə həssas yanaşmalıyıq. Bizim dəyərlərimiz var. Bu dəyərlər bizim kökümüzdür". 

Bunu “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə  Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə millət vəkili Ceyhun Məmmədov deyir.

Millət vəkilinin sözlərinə görə, ziyalı şəxslərin sosial şəbəkədən aktiv istifadə etməsi lazımdır:

"Bəzən fikir səsləndirirlər ki, sosial şəbəkələr qadağan edilməlidir. Düşünmürəm ki, bu həll yolu olsun. Bu gün ziyalılarımız sosial şəbəkələrdən az istifadə edir, aktiv olmur. Ancaq sosial şəbəkələrin buna ehtiyacı var. Bu gün "TikTok"u açırsan Nəfəsi, Balaəlini görürsən. Düşünürəm ki, sosial şəbəkələrdə maarifləndirici paylaşımlar etməklə kontenti müsbətə yönəldə bilərik". 

Ceyhun Məmmədov əlavə edib ki, maarifləndirmə prosesinə hər bir fərd, hər bir təşkilat öz töhvəsini verməlidir:

"Azərbaycanda 4 minə yaxın təşkilat var və bunlardan minə yaxını aktivdir. Bəziləri düşünür ki, bütün işləri dövlət görməlidir. Düşünürəm ki, bu prosesə hər bir fərd, hər bir təşkilat öz töhvəsini verməlidir. Bu günün gəncləri daha çox xaricdən təsirlənirlər. Gənclərin xaricə xüsusi axını var.  Belə müzakirələr çox keçirilməldir ki, bu kimi proseslərin qarşısını alaq".

news24.az

Xəbərlər