Cəmiyyət 24 Mart 2023, 18:45 | Baxış sayı: 205
"“TikTok”da meydan qalıb İrana və sələfi qruplarına”

“Hazırda dünyamız heç zaman olmadığı qədər gərgin və mürəkkəb bir dövrə daxil olub. Müasir dünyamızda çox ciddi və sürətli proseslər gedir. Bu, reallıqdır ki, artıq bir neçə ildir, bəzi istisnaları nəzərə almasaq, ənənəvi media sosial media qarşısında güc və imkanlarını ciddi şəkildə itirməkdədir. İnsanların böyük əksəriyyəti informasiyanı ənənəvi mediadan deyil, sosial şəbəkələrdən alır və bu gün ictimai rəyə sosial şəbəkələrin təsiri daha böyükdür. Ənənəvi medianın təqdim etdiyi məlumatlara bir neçə yüz insanın baxdığı halda sosial şəbəkədə təqdim edilən məlumatlara yüz minlərlə insan baxır. Bu həm yeni imkan, həm də təhdid deməkdir. Bu gün bir sıra dövlətlər öz ideologiyalarını yaymaq, digər dövlətlərdə ictimai rəyə təsir etmək üçün sosial mediadan geniş istifadə edirlər. Son vaxtlar “TikTok” platformasını ciddi təhlil etməyə başlamışam. Yadımdadır, bir müddət əvvəl bu şəbəkədə səhifə yaradarkən bütün Azərbaycan mediası “Depuat TikTok-da səhifə açdı” xəbərini paylaşmışdı. Nədənsə hələ də bəzi insanların “TikTok” dedikdə ağıllarına yalnız pis fikirlər gəlir. reallıqdır ki, bu şəbəkə artıq insanların beyinlərinin yuyulduğu, ideoloji təbliğata məruz qaldığı bir məkana çevrilib...”

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, bu barədə danışanda nədənsə bəzi insanlar ancaq “TikTok”u bağlamaq haqda düşünürlər:

 

“Əslində mən heç bir şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Uzun illərdir, Azərbaycanda sosial şəbəkələrin bağlanması ilə bağlı geniş müzakirələr aparılır. Əsas güc başqa isitqamətə yönəldilməlidir. Hesab edirəm, sosial şəbəkələr bir sıra hallarda təhlükəli olmaqla yanaşı, həm də yeni imkanlar yaradır. Bəzi dövlətlər bu imkanlardan çox məharətlə istifadə edirlər. Əgər Çin seqmetində daha çox tərbiyəvi roliklərə geniş yer verilirsə, Rusiya seqmetində daha çox Rusiya Prezidentinin təbliğinə yer verilir. Bu gün Azərbaycanla bağlı vəziyyət belədir - gənclərin bir qismi, xüsusilə qızların bayağı musiqi altında bəyənmə yarışına girdiyi açıq hiss olunur. Əlbəttə, bu, çox narahatedici məsələdir. Burada ailələrimizin, məktəblərimizin və ali təhsil müəssisələrimizin üzərinə çox ciddi vəzifələr düşür. Nə qədər ki təhsil müəssisələrimiz işlərini yalnız diplom verməklə bitmiş hesab edəcəklər, proses belə də davam edəcək. İndi isə məsələnin ən maraqlı tərəflərindən birinə - dinlə bağlı məsələyə keçək. Dini sahədə ən fəal tərəf İrandır. Azərbaycan gəncinin İranın ən çox ideoloji təbliğatına məruz qaldığı platformalardan biri məhz elə “TikTok”dur. Burada minlərlə, bəlkə də, yüz minlərlə səhifə dini təbliğat aparır. Onların içində Azərbaycan əleyhinə yönəlmiş təbliğat aparan çoxlu səhifə də var.  Hər gün yüzlərlə yeni səhifə yaradılır. Bəyənmə və izləmələrin sayı isə yüz minlərlədir. Açıq hiss olunur ki, güclü təşkilatlanmış böyük şəbəkə qonşu dövlətdə əyləşib, Azərbaycan dindarları ilə fəal iş aparır. Azərbaycan gənclərinin də böyük əksəriyyəti bu videolara baxaraq ciddi təsirlərə məruz qalır. “TikTok”da digər fəal qrup özünü “sələfi” adlandıran dini qrupdur. Demək olar ki, vaxtilə Səudiyyə Ərəbistanında dini təhsil alan gənclərin mütləq əksəriyyəti burada özlərinə səhifə yaradaraq fəal dini təbliğat aparırlar. İzlənmə və bəyənmə sayı da kifayət qədərdir. Ən passiv qrup isə təəssüf ki, mötədil və ənənəvi kəsimdir. Onların başları özlərinə və digər işlərə qarışıb. Belə olan halda, hansısa dəyişiklikdən danışmaq əbəs və yersizidir. Ona görə meydan qalıb İrana və sələfi qruplarına. Bütün hallarda, mütləq üstünlük İrandadır. Biz ““TikTok”da səhifə açmaq nə qədər düzgündür?” müzakirəsi apararkən İran tərəfi Azərbaycan gəncləri ilə çox sıx və fəal iş aparır. Sonra da deyirik “İran necə Azərbaycan gənci ilə belə uğurlu iş apara bilir?” Hesab edirəm, paralellər dünyamızın əsas platformalarından olan sosial şəbəkələrdə fəal ideoloji iş aparmağın vaxtı çoxdan çatıb. Bu məsləyə xüsusi önəm vermək lazımdır. Onsuz da gecikmişik. Bir az da geciksək, vəziyyət heç də yaxşı olmayacaq. Sosial şəbəkələrin bağlanılması ilə bağlı qəti qərar yoxdur. Bu şəbəkələr bağlanılsa da, həmin qruplar öz təbliğatları üçün yeni platformalar tapacaqlar. Buna tam əmin olaq. Çünki onlar çox məqsədyönlü və çalışqandırlar. Biz ideologiyanın qarşısına ideologiya çıxarmalı, daha fəal olmalıyıq”.

Xəbərlər