"Təhsildə mövcud problemlərin araşdırılması üçün ayrıca mərkəzin fəaliyyətinə ciddi ehtiyac var"
Zaman-zaman məktəblərdə baş verən kriminal hadisələr həm məktəblərdə, həm də ailələrdə tərbiyə işinə xüsusi həssaslıqla yanaşılmasının nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha göstərir.
Hər zaman qeyd etdiyim kimi, məktəbin işi yalnız təhsil vermək deyil, məktəb həm də tərbiyə müəssisədir. Tədrislə tərbiyə işi paralel aparılmalıdır. Hətta deyərdim belə hadisələrin baş verməməsi üçün tərbiyə işinə daha çox önəm verilməlidir.
Əgər əvvəlki dövrlərdə kriminal hadisələr daha çox böyük insanlar arasında baş verirdisə, indi biz kriminal hadisələrin də günü-gündən daha da cavanlaşdığını müşahidə edirik.
Proseslərin təhlili onu göstərir ki, belə halların baş verməsi artan xətt üzrə davam edəcək. Bu gün gənclərdə kriminal aləmə meylin artması, onların daha çox kriminal əhval-ruhiyyəli mahnılara qulaq asmaları bunu bir daha təsdiq edir.
Düşünürəm bu barədə ciddi düşünməyin və real addımlar atmağın vaxtı çoxdan çatıb. Əks halda yuxarıda qeyd etdiyim kimi, belə hadisələrin gələcəkdə daha çox baş verəcəyi ehtimalı çox yüksəkdir.
Burada belə bir haqlı sual yaranır ki, belə hadisələrə görə bəs kim məsuliyyət daşıyır. Hesab edirəm məsuliyyət bütün tərəflərin üzərinə düşür. Ancaq daha çox məsuliyyəti məktəblərimiz daşıyır. Onlar belə halların baş verməməsi üçün nə etməliyik sualı barədə ciddi düşünməlidirlər.
Reallıq ondan ibarətdir ki, bu gün müxtəlif səbəblərdən valideynlər övladlarına kifayət qədər vaxt ayıra bilmirlər. Digər bir məqam isə ondan ibarətdir ki, bəzi ailələr bu tərbiyəni vermək iqtidarında deyillər.
Məsələnin ən ciddi tərəflərindən biri də budur. Belə olduğu halda isə yük daha çox məktəblərin və müəllimlərin üzərinə düşür.
Əvvəl də qeyd etdiyim kimi, düşünürəm ki, təhsil sahəsində mövcud problemlərin araşdırılması üçün ayrıca bir mərkəzin fəaliyyətinə ciddi ehtiyac var. Əvvəl bu və ya digər formada bu funksiyanı Təhsil Problemləri İnstitutu yerinə yetirirdi. Sonradan iki qurum birləşdirildi və fəaliyyət daha çox başqa istiqamətə yönləndirildi.
Bütün hallarda gələcəkdə məktəblərimizdə belə halların təkrarlanmaması üçün həm ailələrimizin, həm də məktəblərimizin üzərinə çox ciddi vəzifələr düşür. Bunun üçün bütün tərəflər ciddi cəhdlə çalışmalıdırlar. Həqiqi nəticə yalnız onda ola bilər.
Ceyhun Məmmədov
Millət vəkili