"Terror aktı Türkiyənin son illərdə tam müstəqil siyasət yeritməsinə qarşı bir təpki hesab oluna bilər"
“Türkiyədə törədilmiş terror aktı bütövlükdə çox gərgin geosiyasi proseslərin nəticəsidir. Bu, Türkiyənin son illərdə milli maraqlarına uyğun tam müstəqil siyasət yeritməsinə qarşı bir təpki hesab oluna bilər. Amma unudurlar ki, qardaş Türkiyə heç bir halda kənar təpkilər, təzyiqlər nəticəsində milli maraqlarına uyğun xarici siyasətinə korrektələr etmir. Əksinə, bu, Türkiyəni daha da gücləndirir, ehtiyatlı, tədbirli olmağa sövq edir. Terror aktı nəticəsində qurbanların olduğunu təəssüflə qeyd edirik. Lakin bununla yanaşı, düşünürəm, bu cür cılız cinayətlər Türkiyə kimi güclü bir dövlətə qarşı heç bir nəticəyə gətirib çıxara bilməz”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, təkcə regional deyil, həm də qlobal müstəvidə təsiretmə imkanlarını formalaşdıran Türkiyə əksər hallarda özünün dünya liderliyini təmin etməyə çalışan bəlli dairələrin, konkret hər hansı ölkənin davamlı olaraq qəzəbinə gəlməkdədir: “Son dövrlər dünyada cərəyan edən geosiyasi proseslər dünyanın ayrı-ayrı coğrafiyalarında həm terraktların sayını artıracaq, həm silahlı qarşıdurmaları genişləndirəcək. Bunun əlamətləri də aşkar şəkildə görünür. Bu baxımdan, düşünürəm, Türkiyənin heç bir təsirə məruz qalmadan tam müstəqil mövqe formalaşdırması hazırkı dünyada qarşıdurma vəziyyətində bəlli dairələr tərəfindən qəbul olunmur. Konkret olaraq Türkiyənin hazırkı davranışları Qərbdə həzm olunmur. Məsələn, Türkiyənin Qərb düşərgəsində hansısa dövlətə qarşı aşkar şəkildə yer almaması çox ciddi qıcıq doğurur və bu da gizlədilmir. Amma Türkiyə hazırda çox fəal şəkildə milli maraqlarını müdafiə edir, müstəqil siyasət həyata keçirir. Xüsusilə Türk Dünyasında Türkiyənin lider rolu ciddi qısqanclıq, narahatlıq doğrur. İlkin versiyalardan biri budur ki, terror PKK tərəfindən törədilib. Çox yaxşı bilirik ki, heç bir terror təşkilatı nəzarətsiz deyil. Terror aktları ayrı-ayrı dövlətlər tərəfindən bəlli siyasi, geosiyasi nəticələrə hesablanıb. Bu da ona dəlalət edir ki, terror aktlarını törədən təşkilatlar konkret dövlətlər tərəfindən idarə olunur, onların təlimatları əsasında fəaliyyət göstərirlər. PKK kimin nəzarətindədir, bunu müəyyənləşdirməklə konkret olaraq Türkiyəyə qarşı hansı dövlətlərdən bu cür təpkilərin gəldiyini də rahatlıqla müəyyənləşdirmək olar. Türkiyə konkret Avropa ölkələrini PKK ilə sıx təmaslarda obyektiv olaraq günahlandırır. Məsələn, Finlandiya və İsveçrənin NATO-ya üzv qəbul olması ilə bağlı Türkiyənin mövqeyi bundan ibarət idi ki, onlar PKK-nı himayə etməsinlər. Türkiyə bunu rəsmi şəkildə dəfələrlə bəyan edib. O cümlədən okeanın o tayında da əlamətlər görünə bilər. Hər zaman PKK terror təşkilatının ABŞ-la da sıx əlaqədə olduğunu aşkar görmüşük. Suriya ərazisində PKK-nın qolları həmişə ABŞ tərəfindən istifadə olunub. Bununla bağlı Türkiyə dəfələrlə mövqeyini bildirib”.
E.Mirbəşiroğlu Türkiyədə baş verən terror aktının hicablı qadın tərəfindən törədilməsi ilə bağlı iddialara da münasibət bildirib: “Düşünmürəm ki, terror aktı hansısa dini motivlərlə əlaqəlidir. Mən bu versiyanı istisna edirəm. Çünki terror cinayətini törədən tərəf qismində əsas PKK-nın adı hallanır. Ona görə də, burada hansısa dini elementlərin, motivlərin olduğunu düşünmək doğru olmaz”.