Cəmiyyət 17 Oktyabr 2022, 14:03 | Baxış sayı: 227
"Tenderlərlə bağlı saxtalaşdırmalar varsa, quruma bu barədə məlumat təqdim olunmalıdır"

“Bildiyiniz kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaradılıb. Bu qurumun əsas vəzifələrindən biri tenderlərin şəffaflığına nəzarətin təşkil edilməsidir. Doğrudur, mən də sosial şəbəkələrdə bir neçə nazirlik və qurumla bağlı narazılıq postları görmüşəm. Şəxsən bu barədə bir neçə sahibkarla söhbətim olub. Onlar son zamanlar qurumun şəffaflığı təmin etdiyini bildiriblər. Mən iddia etmirəm ki, hazırda bu sahədə tam şəffaflıq təmin olunub. Amma yenə də bu sahədə görülən müsbət irəliləyişləri görməzdən gələ bilmərik”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov ölkədə tenderlərin qeyri-şəffaf həyata keçirildiyi barədə iddialara münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, yenə də bəzi hallarda tenderlərlə bağlı saxtalaşdırmalar varsa, antiinhisar fəaliyyəti ilə məşğul olan quruma bu barədə məlumat təqdim olunmalı və araşdırılmalıdır: “Bu cəmiyyətin məqsəd və vəzifələrindən biri tam şəkildə sahibkarların hüququnu qorumaqdır. Ümumiyyətlə, bu sahədə olan narazılıqlara da birtərəfli inanmaq olmaz. Narazı olan sahibkarları araşdırıb, təqdim olunan nəticə ilə müqayisə aparılmalıdır. Burada söhbət təkcə tenderi uduzan sahibkardan getmir, qalib sahibkarın da müdafiəsi lazım olur, çünki bəzi hallarda nəticənin ləğvi tələb edilir, bu da qalib olan sahibkara qarşı haqsızlıq deməkdir. Təbii ki, əgər şəffaf şəkildə qalib gəlibsə...”

Xəbərlər