Siyasət 11 May 2023, 17:31 | Baxış sayı: 170
“Təbliğat sayəsində insanlar şirniklənib Amerikaya gedirlər..."

Məlum olduğu kimi, bu günlərdə ABŞ-da yaşamaq hüququ verən “Greencard”ın nəticələri açıqlanıb.

Qeyd edək ki, “Greencard” üçün hər il oktyabr-noyabr ayında müraciətlər qəbul edilir, növbəti ilin may ayında nəticələr açıqlanır. Milyonlarla insanın müraciət etdiyi lotereyada ancaq 55 min insan qalib gəlir.

Azərbaycanda aktyor Səfa Mehdi qalib gələnlər sırasında olub. O şəxsi hesabında paylaşım edərək qalib gəldiyini elan edib və ABŞ-a gedəcəyini bildirib. Bundan əvvəl tanınmış müğənni Elariz Məmmədoğlu, reper Elmir Məhərrəmov “Greencard” udaraq, ABŞ-a köçüblər.

Bəs Azərbaycanda “Greencard”a maraq niyə hər il daha da artır?

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov Musavat.com-a danışıb. Millət vəkili qeyd edib ki, bu məsələdə davamlı olaraq aparılan təbliğatın çox böyük rolu var: “Yəni davamlı olaraq Amerika, Avropa ölkələrində yaşayışın daha yaxşı olması ilə bağlı təbliğat aparılır. Məsələn, “Youtube” və digər sosial şəbəkələrdə bununla bağlı müxtəlif reklam xarakterli məlumatların verildiyinin, təbliğat aparıldığının şahidi oluruq. İnsanlar da bu cür reklamlara şirniklənərək Amerikaya yaşamağa gedirlər”.

Millət vəkili bildirib ki, məsələ heç də insanlara təqdim olunan formada deyil: “İnsanlar Amerikaya getdikdən sonra əsl reallığı, vəziyyəti tamamilə fərqli olduğunun gözləri ilə görür və anlayırlar ki, mövcud durum heç də aparılan təbliğat kimi deyil. Bu baxımdan insanlarımız diqqətli olmalıdır. Çalışmaq lazımdır ki, daha çox öz ölkəmizdə yaşayaq, onun inkişafına, güclənməsinə öz töhvələrimizi verək. Hesab edirəm ki, Azərbaycanda yaşamaq, fəaliyyət göstərmək üçün kifayət qədər imkan var”.

Xəbərlər