"Tarix boyu yad qüvvələr Cənubi Qafqaz uğrunda mübarizə aparıb"
"2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Həmçinin, mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması da sözsüz ki, türk dünyasının tarixi qələbəsidir. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Təsadüfi də deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır.
" Sadəcə bir fərqlə, əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qələbəsi deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız tarixi ədaləti bərpa etdi. Məlumdur ki, tarix boyu Cənubi Qafqaz uğrunda daima yad qüvvələr mübarizə aparıb, həmin vaxtlar Azərbaycan bugünkü qədər güclü deyildi, yenə də Azərbaycanın imdadına yetişən məhz türk ordusu idi. Bu gün isə vəziyyət tam başqadı. Həmin illərdən fərqli güclü Azərbaycan öz diplomatiyası ilə Türk Dünyasının regionda möhkəmlənməsinə və türk dövlətlərinin qırılmış əlaqələrinin bərpasına şərait yaratdı. Mən deyərdim ki, 17-ci əsrdən başlayaraq davam edən bu mübarizədə 21-ci əsrdə türk dostluğu qazandı. Məhz Şuşa Bəyannaməsi də bunun təzahürüdür".