"Tarif Şurası indidən müəyən təkliflər irəli sürürsə, ola bilər, gələcəkdə qiymət artımı olmasın".
“Aİ-95 markalı benzinin qiymətinin qalxması Azərbaycanda istehsal olunmaması ilə bağlı idi. Bu qiymətlər dünya standartlarına uyğun olaraq tənzimlənməli idi. Bununla bağlı mütəxəssislər də fikirlərini bildiriblər. Dizelin və digər yanacaq növlərinin qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qərarlar isə müəyyən reallıqlara əsaslanır. Bütün dünyada ərzaq məhsullarının, eləcə də yanacağın qiyməti artır. Bununla paralel Azərbaycan nefti və qazının da qiyməti qalxır. Düzdür, ölkəmizə külli miqdarda vəsaitin daxil olması bizi sevindirir. Digər tərəfdən isə taxılın qiymətinin artması bizi təəssüfləndirir, çünki idxal edirik”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat qeyd edib ki, dünya bazarında qiymətlər artacağı təqdirdə Azərbaycanda da artacaq: “Qiymət artımları həm bizim xeyrimizədir, həm də ziyanımıza. Yəni biz neftimizin qiymətinin artmasına sevinirik, ancaq taxılın qiymətinin qalxmasına təəssüflənirik. Burada vacib bir məsələni yaddan çıxarmaq olmaz. Bu dəqiqə bütün inkişaf etmiş dövlətlər beynəlxalq standartlara uyğun qərarlar qəbul edəndə dünya bazarı ilə hesablaşmalıdırlar. Onlar dünya bazarında baş verən hadisələrə real qiymətlər verməlidirlər. Tarif Şurası indidən müəyən təkliflər irəli sürürsə, ola bilər, gələcəkdə qiymət artımı olmasın. Ancaq bunun üçün qabaqlayıcı tədbirlər görülməlidir. Doğrudan, da bu sahədə qiymətlər artacaqsa, deməli, əhaliyə, sahibkaralara müəyyən qaydada ziyan dəyə bilər. Qabaqlayıcı tədbirlər olaraq insanlara müəyyən kompensasiyalar verilməli, əlavə təminatlar ödənilməlidir. Düzdür, bu sahədə mütəxəssis deyiləm, ancaq qeyd etmək istəyirəm ki, qabaqlayıcı tədbirlərin görülməsi və zamanında çatdırılması mütləqdir. İnsanlar əvvəlcədən məlumatlandırılmalı və bilməlidir ki, filan malın qiyməti qalxacaq və bu artım nəyə əsasən olacaq. Açıqlamaq lazımdır. Bu açıqlamaları insanlara deməmələri ajiotaj, narazılıq yarada bilər. Əsaslandırılmış, faktlarla izah edəndə insanlar qiymətlərin nəyə görə qalxdığını bilmiş olurlar”.