Siyasət 13 Dekabr 2022, 16:48 | Baxış sayı: 177
“Şuşa-Laçın yolunda keçirilən aksiyanı Bakıda keçirilən mitinqlərlə müqayisə etmək qəbuledilməzdir”

“Azərbaycanda sərbəst toplaşmaq azadlığı mövcuddur. Müxalifət icazəli mitinqlərini, piketlərini keçirir. Əsas məsələ budur ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq, mitinq icazəli keçirilsin. İnsanların gediş-gəlişinə, istirahət, işləmək və digər hüquqlarına maneə yaratmadan təyin edilən yerlərdə mitinqlərin keçirilməsi həmişə olub və olacaq. Bu, birmənalıdır. Şuşa-Laçın yolunda keçirilən aksiyanı Bakıda keçirilən mitinqlərlə müqayisə etmək çox zərərli və qəbuledilməzdir. Şuşada Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, aktiv gənclərin iştirakı ilə keçirilən aksiyanın məqsədi illərdir, sümürülən yeraltı və yerüstü sərvətlərimizin qarşısının alınması, bu talançılığa son qoyulması ilə bağlıdır…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, aksiyada səsləndirilən şüarlarda Azərbaycanın müvafiq orqanlarının faydalı qazıntı yataqları olan ərazilərə buraxılmamasına etiraz edilir: “Hazırda şüarların dəyişdirilməsinə heç bir ehtiyac yoxdur. Bu, hansısa ölkələrin, qrupların mənafeləri üçün deyil,  Azərbaycan xalqının, insanların sifarişidir. Təbii ki, dövlət də bu sahədə xalqla həmrəydir. Suveren torpaqlarımızda erməni daşnaklarının sərvətlərimizi talamalarının və bunun dünya bazarına daşınmasının qarşısını almalıyıq. Aksiya hələlik bir siqnaldır, Azərbaycan ictimaiyyətindən gələn sifarişdir. İnsanlar talançılığın qarşısının alınması üçün dinc aksiya keçirirlər. Sülhməramlıların mövqeyi isə anlaşılmazdır. Volkov başda olmaqla sülhməramlılar Qarabağda sülh yaratmaq missiyasından başqa faydasız, zərərli olan bütün fəaliyyətlərlə məşğuldurlar. Rus hərbi kontingentinin aksiyaçılarımızın qarşısında durması, onları öz ərazilərimizə buraxmaması həm beynəlxalq hüquqa, həm də Azərbaycan Konstitusiyasına ziddir. Hər bir azərbaycanlı öz suveren torpaqlarında sərbəst hərəkət edə bilər. Həmin qazıntı yataqlarında monitorinq etmək Azərbaycandakı QHT-lərin, cəmiyyətlərin, könüllü insanların birbaşa hüququdur. Üçtərəfli bəyanatda bunun qarşısının alınması ilə bağlı bir bəndin olmaması deməyə əsas verir ki, sülhməramlıların mövqeyi qanunsuzdur. Bu, heç bir dövlətin maraqlarına xidmət etmir. Aydındır ki, rus sülhməramlılarının mandatı müvəqqətidir, bir neçə il sonra müddəti bitəcək. Müddətin artırılıb-artırılmaması dövlətlərin istəyindən asılı olacaq. Həmin qərarı da Azərbaycan dövləti verəcək. Hazırkı situasiya deməyə əsas verir ki, Azərbaycan vətəndaşlarının – QHT-lər, digər könüllülər, təşkilat nümayəndələrinin məqsədi dinc aksiya ilə dünyanın diqqətini bu eko-terrora cəlb etməkdir. Bütün dünyaya göstərmək istəyirik ki, terrorçu qruplar ərazilərimizdə talançılıqla məşğuldurlar. Bunun qarşısını almalı olan müvəqqəti sülhməramlıların adları isə həmin talançılıqda ermənilərlə şərikli çəkilir. Bu, yolverilməzdir və hər bir Azərbaycan insanının hiddətinə səbəb olur. Aksiyada iştirak edən vətəndaşlarımız həmin hiddəti, sifarişləri şüarlar, konkret danışıqlarla rus sülhməramlılarının ünvanına çatdırırlar. Tələblərdən biri də başçıları Volkovun əraziyə gəlməsi, izahat verməsidir…”

Xəbərlər