Cəmiyyət 25 İyul 2022, 17:19 | Baxış sayı: 228
"“Şuşa kimi bir yerdə spritli içki içiblər!” təbliğatda yer alan mənəvi qadağanı anlamaqda çətinlik çəkirəm".

““Şuşada filankəslər içib şəhidlərimizi təhqir etdilər” ifadəsini mənəvi və hüquqi immunitetsiz sosial şəbəkə məkanımıza mənəviyyat məsələsi olaraq tirajladılar. Bunlara; “Bu ölkədə içkili, içkisiz halda şəhidi kim təhqir edər və niyə də etməlidir?” kimi sualı verən varmı? Burada şəhidə aid olan nə mövzu ola bilər ki, hansısa azərbaycanlı onu təhqir etsin? Həm də bunu Şuşada etsin? Sadəcə, kiminsə ürəyindən keçən ləyaqətsizliyi adiləşdirmənin yoludur bu. Əslində şəhidləri təhqir edəni məhz bu ifadəni tirajlayanların içində axtarmaq lazımdır. Necə ki, ötən gün diqqət yetirirəm ki, vaxtilə birbaşa rus canişini Polyaniçkonun himayəsi altında deputat seçilmiş birisi ağızdolusu ölkədə “5-ci kolon” təhlükəsindən danışırdı və az qala bütün vətənsevər insanları  bu kolonun içinə dürtməyə çalışırdı. İz itirmənin sadə, bəsit yollarıdır bunlar...”

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

“Spirtli içkiyə münasibətim tanıyanlara bəlli olduğuna görə bu məqamı rahatlıqla yaza bilərəm: spirtli içkini zərərli sayıram və hər kəsə içməməyi tövsiyə edirəm, hətta siqaretə qarşı da tutumum daha sərtdir. Bununla belə, dünyəvi dövlətdə yaşadığımızı qəbul və həyati əhəmiyyətli hesab edirəm, başqa insanların həyat tərzinə qarışmağı da doğru saymıram. O halda “Şuşa kimi bir yerdə spritli içki içiblər!” təbliğatda yer alan mənəvi qadağanı anlamaqda çətinlik çəkirəm. Demək, “Bakı kimi Şəhidlər Xiyabanının, yüzlərlə şəhidin dəfn olunduğu qəbirstanlığın olduğu şəhərdə spirtli içki içmək olar, ən çox şəhidimiz olan Gəncədə, Şamaxıda içmək olar, ancaq Şuşada olmaz!” məntiqinin izahını tapa bilmirəm. Siqaret çəkmək necə, olarmı? Yaxud Zəngilanda, Qubadlıda, Kəlbəcərdə necə? Oraların müqəddəsliyi bir qədər aşağıdırmı? Sabah oralara turistləri ancaq dini ritualları icra etməyə çağıracaqsınız? Şuşada məsciddən azan səsi də gələcək, namaz da qılınacaq, bir tərəfdə də insanlar yeyib-içib əylənəcəklər! Bu qədər bəsit. İndi Şuşada gözəl bir tədbir keçib, mətbuatımızın bir çox tanınmış simaları bir araya gəlib, əlbəttə, ora çağırılmayan dəyərli insanlar da olub, bunları da, narazılıqları da, razılıqları da anlayıram, ancaq nədənsə tədbiri ən azından media nümayəndələri urvatsızlaşdırmaqdan uzaq durmalıydılar. Məni maraqlandıran orada mediamızın gələcəyi ilə bağlı səsləndirilən, tövsiyə olunan əsas tezislər, fikirlərdir. Yoxsa, “kimsə masada kimləsə ucadan danışdı”, “kimsə şəhidlər haqqında dodağını büzdü” cəfəngiyyatı çağdaş medianın tamamilə qurşaqdan aşağı məsələləridir. Əlbəttə, burada tədbirlə bağlı sağlam görüşlər ifadə edən media təmsilçilərinə yönəlik hansısa irad nəzərdə tutmuram” – F.Mustafa qeyd edib.

Xəbərlər