Siyasət 9 May 2023, 17:39 | Baxış sayı: 115
"Şuşa işğaldan, əsarətdən qurtuldu"

Təəssüf ki, 1992-ci il mayın 8-də Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın incisi Şuşa işğal olundu. Həmin vaxt Azərbaycan bir dövlət kimi məhv olmaq dərəcəsinə gəlib çıxmışdı.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, hakimiyyət uğrunda mübarizə, həmin dövrün rəhbərliyinin iradəsizliyi nəticəsində daxildəki vətən xainləri daha da aktivləşib, Şuşamızın ermənilər tərəfindən işğalına şərait yaratdı: “Ordu daxildəki mübarizəyə səfərbər olunub, sərhəd boş buraxılıb, düşmənlə mübarizə aparmaq əvəzinə kreslo uğrunda mübarizə gedirdi. Bütün o dövrün xaosu Azərbaycanı parçaladı, 30 illik işğala gətirib çıxartdı. Təbii ki, həmin dövrdə də Azərbaycanın mərd, igid oğulları vardı ki, onlar mübarizə aparır, qəhrəmancasına şəhid olurdular. Lakin hakimiyyət bu qəhrəman xalqın cəsarətinə arxalanıb mübarizə aparmırdı. 2020-ci ildə isə Azərbaycan hakimiyyəti xalqına və onun vətən sevgisinə, özünə inamına arxalanıb işğala son qoydu. Hər iki mərhələdə də eyni şücaətli xalq, amma fərqli hakimiyyətlər və fərqli nəticələr oldu. Mən deyərdim ki, 1992-ci il mayın 8-i ilə 2020-ci il noyabrın 9-u arasındakı ən böyük fərq dövrlərin idarəçi strukturundadır. Azərbaycan xalqı 1992-ci ildə də mübarizə aparacaq qədər qəhrəman, qorxmaz xalq idi. Fəqət qeyd etdiyim kimi xalqı düzgün yönəldib, milli maraqları üstün tutan şəxslər yox idi. 2020-ci il məhz 8 noyabr xalqımızın tapdalanmış qürurunun da bərpası günü idi. Ermənilər Şuşa əməliyyatını “dağlarda toy” adlandıraraq işğallarını daha da təmtəraqlı edirdilər. Məhz 1992-ci ilin 8 mayı Azərbaycan tarixinin ən qara günüdür. Bununla da olmazın işgəncələr yaşamış Xocalının taleyi həll olur, Şuşa bir çox işğal olunan ərazilərimizin taleyini həll edir”.

Müşfiq Cəfərov 44 günlük Vətən müharibəsində Şuşanın ən sonda işğaldan azad olunduğunu xatırladıb: “Bununla da ermənilərin son nəfəsinə kimi müdafiə edəcəklərini dedikləri alınmaz qala hesab olunan Şuşa işğaldan, əsarətdən qurtuldu”.

Xəbərlər