"Şuşa həbsxanasının ətrafında tapılan məzarlıq Ermənistanın müharibə cinayətinin növbəti təzahürüdür"
Şuşa həbsxanası ətrafında aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilmiş dəhşətli müharibə cinayətinin növbəti təzahürüdür. Bu, bir daha göstərir ki, həbsxanada uzun illər qanunsuz saxlanılan azərbaycanlılara dəhşətli işgəncələr verilib. Onlara qarşı amansız zorakılıq törədilib. Qətlə yetirildikdən sonra onlar kütləvi məzarlıqlarda basdırılıblar.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşağın indiyədək itkin düşmüş hesab edildiyini bildirən deputat deyib: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Dövlətimizin başçısının da söylədiyi kimi, onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Rəsmi Bakının tələbi haqlı tələbdir. Hətta Avropa İttifaqı da kütləvi məzarlıqların yerinin Azərbaycana təqdim edilməsinə çağırış edib. Artıq beynəlxalq ekspertlərin də diqqəti bu məsələyə yönəlib. Bu günlərdə Bakıda məhkəmə arxeologiyası və məhkəmə antropologiyası ilə bağlı beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə keçirilən konfransda da bu məsələ bir daha gündəmə gəlib”.
Ermənistanın Şuşanı həmişəlik əsarətdə saxlayacağını xəyal etdiyini deyən K.Nurullayevanın sözlərinə görə, ermənilər törətdikləri cinayətlərin üstünün heç vaxt açılmayacağını düşünürdülər. Amma 44 günlük müharibə zamanı alınmaz qala Şuşa da azad edildi. Müharibədən sonra Azərbaycan Ermənistanın törətdiyi müharibə cinayətlərini hərtərəfli araşdırır və faktlarla ifşa edir.
“Şuşada aşkarlanan insan qalıqları Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqların davamıdır. Hazırda Füzuli istiqamətində də axtarışlar gedir. Ermənistan dinc azərbaycanlı əhaliyə - girovlara, o cümlədən əsir götürdükləri Azərbaycan hərbiçilərinə qarşı törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən yayına bilməyəcək. Aşkarlanan faktlar erməni faşizminin ifşasında və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib əhəmiyyət kəsb edir”, - deyə K.Nurullayeva diqqətə çatdırıb.