Siyasət 15 Yanvar 2024, 18:27 | Baxış sayı: 68
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün real şərait yaranıb"

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair sülh müqaviləsinin imzalanması üçün real şərait yaranıb.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Ermənistan sentyabr əməliyyatlarından sonra yenidən eyforiyaya qapılaraq, yekun sənədin təxribatçı müdaxilələr əsasında tərtib olunacağını güman edirdi: “Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı bir daha bəyan etdi ki, Ermənistan Azərbaycanı təzyiq vasitəsilə razı salmağın mümkünlüyünə inanmaq istəyirdi. Ona görə də 70 gün ərzində Bakının təklifinə cavab vermirdi. Nəhayət, Bakı ilə heç bir halda təzyiq dilində danışmağın mümkün olmadığını anladıqda Qarabağla, Qarabağın erməni sakinləri ilə bağlı bir kəlmənin belə yer almadığı cavab şərhləri göndərməyə məcbur oldu. Bugünkü reallıq isə ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb və mətn üzrə fəal işə ehtiyac var”.

“Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Lakin rəsmi Bakı buna ehtiyac görmür. Təcrübə də göstərir ki, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsinin vasitəçilərsiz olması daha məqsədəuyğundur. Yəni dövlət başçımızın verdiyi əsas mesaj bundan ibarətdir ki, əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”, - deyə deputat vurğulayıb.

Əlavə edib ki, Prezident İlham Əliyevin bu məsələyə toxunması təsadüf deyil: “Çünki özünü vasitəçi adlandıran bəzi dairələr təmaslara ev sahibliyi etmək uğrunda açıq yarışa girdiklərini gizlədə bilmirlər. Amma Azərbaycan Ermənistanla münasibətlərin geosiyasi mövzuya çevrilməsinin tərəfdarı deyil. Dövlət başçımızın da söylədiyi kimi, bu, bizim iki ölkə arasındakı məsələdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Bu, baş verməsə deməli, danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür. Bu bəyanat əslində Ermənistan üçün ciddi mesajdır. Çünki danışıqların dayandırılması Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq. Onsuz da dalan vəziyyətdə olan bu ölkənin yeganə çıxış yolu Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Təbii ki, Ermənistanın havadarları yeni “status-kvo” vəziyyətində maraqlıdırlar. Onlar nəticəsiz danışıqların uzanmasına can atırlar. Əlbəttə ki, Azərbaycan buna imkan verməyəcək. Ermənistan Azərbaycanla münasibətlərin geosiyasi xarakter almasının yaradacağı riskləri dərk etməlidir”.

report.az

Xəbərlər